Energetika nazirinin müavini: "Gürcüstana qazın 92%-i Azərbaycandan nəql olunur"

Energetika nazirinin müavini: "Gürcüstana qazın 92%-i Azərbaycandan nəql olunur" Əhaliyə çatdırılan sosial qazın qiyməti hazırda 1 000 kubmetrə 120 dollar təşkil edir
Energetika
11 Dekabr , 2015 15:07
Energetika nazirinin müavini: Gürcüstana qazın 92%-i Azərbaycandan nəql olunur

Bakı. 11 dekabr. REPORT.AZ/ Gürcüstanın qaz təchizatının 92%-i Azərbaycandan gələn iki boru kəməri, 8%-i isə Rusiyanın Şimal-Cənub boru kəməri ilə təmin olunur.

"Report" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin energetika nazirinin müavini Mariam Valişvili bildirib.

O qeyd edib ki, Gürcüstanın ümumi enerji balansında təbii qazın payı 40% təşkil edir:
"2015-ci il ərzində ölkədə qaza olan tələbat 2,4 mlrd. kubmetrdir. Kommersiya sektorunun tələbatını Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) kommersiya müştərilərilə ikitərəfli müqavilələr əsasında təmin edir. Şərti olaraq adlandırılan sosial seqmentin tələbatı isə Gürcüstan hökuməti və SOCAR arasında imzalanmış uzunmüddətli saziş əsasında təmin edilir.

Burada qeyd etmək lazımdır ki, sosial qazın əsas mənbəyi "Şahdəniz" qaz-kondensat yatağıdır. Bu yataqdan qaz konsorsiumla bağlanmış uzunmüddətli saziş əsasında nəql olunur".

Onun sözlərinə görə, yataqdan hasil olunan qazın Cənubi Qafqaz boru kəməri ilə Gürcüstan ərazisindən nəqlinə görə 5%-i tranzit haqqı olaraq ölkəyə çatdırılır.

O qeyd edib ki, 500 mln. kubmetr isə əlavə həcmdə qaz satılır və tranzit olaraq qazla birlikdə 750 mln. kubmetr həcmində qaz təşkil edir.

"Bu il sosial qazın həcmi 1,35 mlrd. kubmetr olub. Ermənistana Rusiyadan nəql olunan qazın Gürcüstan ərazisindən nəqlinə görə tranzit haqqı olaraq isə 200 mln. kubmetr alınır. Qalan bütün sosial qaz SOCAR tərəfindən təmin edilir.

Kommersiya sektoruna gəldikdə isə bu sahə tamamilə tənzimlənib, müştərilərlə qaz təchizatçısı arasında imzalanan ikitərəfli sazişlərlə həyata keçirilir" - nazir müavini əlavə edib.

M.Valişvilinin sözlərinə görə, əhaliyə çatdırılan sosial qazın qiyməti hazırda 1 000 kubmetrə görə 120 dollar, istilik elektrik stansiyaları üçünsə 1000 kubmetrə görə 143 dollar təşkil edir:

"Qeyd edək ki, Rusiyadan Ermənistana tranzit haqqı olaraq aldığımız qazdan başqa, kommersiya məqsədilə kiçik həcmdə Rusiyadan və Ermənistandan qaz alırıq. Gürcüstanın qaz təchizatı Azərbaycandan həm Cənubi Qafqaz boru kəməri, həm də SOCAR-ın operatoru olduğu boru kəməri ilə çatdırılır".

Azərbaycandan qaz təchizatımızın kəsilməsinin mümkün olmasına gəlincə isə o qeyd edib ki, bu, "Şahdəniz" yatağında hansısa səbəbdən hasilatın dayandırılması və yaxud boru kəmərində hansısa problemlər ilə bağlı ola bilər:

"Məsələn, bu il Cənubi Qafqaz boru kəmərinin Türkiyə hissəsində 2 dəfə partlayış baş verib. Eyni zamanda, "Şahdəniz" yatağında profilaktik tədbirlərlə bağlı hasilat dayandırılıb. SOCAR-ın boru kəmərində profilaktik işlərlə bağlı 10 günlük fasilə yaranıb. Amma bunlar qısamüddətli fasilələrdir. Bunlar nizamlanır".

O əlavə edib ki, Azərbaycandan uzunmüddətli qaz təchizatının dayandırılması isə az ehtimal olunandır.

Son xəbərlər

Orphus sistemi