Yuxarı

Energetika naziri: "TANAP-ın xərcləri 2,5 mlrd. dollar azalıb" - YENİLƏNİB

Hazırda TANAP-ın xərcləri 9,2 mlrd. dollar təşkil edir

İlk xəbər saat 10:59-da verilib

Bakı. 10 mart. REPORT.AZ/ Trans-Anadolu Boru Kəmərinin (TANAP) tikintisi üçün müqavilə imzalananda layihənin investiya xərcləri 11,7 mlrd. ABŞ dolları dəyərində qiymətləndirilirdi, lakin hazırda bu rəqəm 9,2 mlrd. dollar təşkil edir.

"Report" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev "Natural Gas Europe" saytına müsahibəsində bildirib.

Nazir qeyd edib ki, materilların və xidmət xərclərinin ucuzlaşması səbəbindən layihənin xərcləri üç il əvvəlkindən 2,5 mlrd. dollar azalıb.

***

Energetika naziri TANAP-ın tikintisi çərçivəsində görülən işlərdən danışaraq bildirib ki, indiyədək 938 km-lik borular istehsal olunub, bunun da 720 km-i inşaat ərazisinə daşınıb, 281 km hissədə isə borular qaynaqlanıb.

"Hazırda "Şahdəniz-2" üzrə işlərin 66%-i, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə isə 33%-i görülüb", - deyə N.Əliyev əlavə edib.

Qeyd edək ki, Trans-Anadolu Boru Kəməri (TANAP) Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Boru kəməri Türkiyənin Ardahan şəhərinin Türkgözü kəndindən başlayır, 20 şəhərdən keçərək Ədirnə şəhərinin İpsala rayonunda başa çatacaq. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

2015-ci ilin martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə TANAP-ın təməli qoyulub.

2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Eskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını "BOTAŞ" şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. Kəmərin 19 km-lik hissəsi Mərmərə dənizindən keçəcək.

TANAP layihəsində SOCAR-ın 58%, "BOTAŞ"ın 30%, BP-nin 12% payı var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi