Natiq Əliyev Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Natiq Əliyev Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşüb Səfir Azərbaycanı enerji sahəsində Rumıniya üçün də vacib ölkə kimi qiymətləndirib
Energetika
3 Noyabr , 2016 15:53
Natiq Əliyev Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Bakı. 3 noyabr. REPORT.AZ/ Energetika naziri Natiq Əliyev Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İankunu qəbul edib.

Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan və Rumıniya arasındakı münasibətlərin strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini vurğulayan Natiq Əliyev iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini və bunun üçün böyük imkanların oduğunu bildirib.

Energetika naziri enerji əməkdaşlığı çərçivəsində Azərbaycan qazının Avropaya Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan (AGRİ) xətti üzrə nəqlini nəzərdə tutan layihə ilə bağlı mühüm addımların atıldığını, SOCAR-ın bu ölkədəki uğurlu fəaliyyətini qeyd edərək, yeni layihə və proqramların həyata keçirilməsi ilə bağlı məlumatları diqqətə çatdırıb. AGRİ layihəsinə yenidən baxılmasının mühümlüyü, dünya enerji bazarındakı vəziyyətin investorlar üçün cəlbedici olmadığı bir vəziyyətdə bu layihənin reallaşdırılması imkanlarının yenidən nəzərdən keçirilməsi və özəl sektorun cəlbinin səmərəliliyi barədə fikir mübadiləsi aparılıb. Enerji sahəsində davam edən əməkdaşlığın geniş perspektivlərə malik olduğu qeyd edilib.

Səfir Dan İanku isə hazırda diversifikasiya siyasətinin aktuallıq kəsb etdiyini və ölkəmizin bu istiqamətdə töhfələrini qeyd edərək, Azərbaycanı enerji sahəsində Rumıniya üçün də vacib ölkə kimi qiymətləndirib. O, AGRİ layihəsinin enerji təhlükəsizliyinə xidmət etdiyini vurğulayaraq, “Cənub Qaz Dəhlizi”nin gedişatı və layihənin reallaşmasından sonrakı müddətdə Azərbaycanın enerji siyasətinin gələcək hədəfləri və Türkmənistan qazının Avropa bazarlarına çıxarılma perspektivləri ilə maraqlanıb.

Natiq Əliyev neftin qiymətinin kəskin düşməsi ilə əlaqədar yaranmış maliyyə çətinliklərinə baxmayaraq “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi ilə bağlı hər hansı bir problemin olmadığını və layihənin qrafikə uyğun icra edildiyini diqqətə çatdıraraq bildirib ki, Azərbaycan bütün öhdəlikləri tam yerinə yetirməklə yanaşı, layihənin vaxtında başa çatdırılmasına da güclü nəzarəti təmin etməkdədir. Onun sözlərinə görə, layihənin uğurla gerçəkləşməsi Avropada, xüsusilə də Balkan ölkələrində "Cənub Qaz Dəhlizi"ni istiqamət götürən əlaqələndirici kəmərlərin, interkonnektorların tikintisini sürətləndirəcək və “Abşeron” da daxil olmaqla qaz yataqlarında hasilat həcmlərinin artırılmasına təkan verəcək.

Görüşdə həmçinin Azərbaycanın qeyr-neft sektorunun inkişafı ilə bağlı həyata keçirdiyi iqtisadi-siyasi kurs barədə də məlumat verilərək, Rumıniya şirkətlərinin bu istiqamətdə əməkdaşlığının məqsədəuyğunluğu da qeyd edilib.

Səfir Rumıniya şirkətlərinin Azərbaycanda keçirilən neft-qaz sərgi və konfransalrında, biznes forumlarında iştirakının əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün mühüm şərtlərdən olduğunu ifadə edib. O, Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın növbəti iclasının enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunda da geniş spektrli əlaqələrin formalaşdırılması üçün mühüm rol oynayacağını bildirib.

Son xəbərlər

Orphus sistemi