Energetika naziri: "Albaniyanın qazlaşdırılması TAP ilə mümkün olacaq"

Energetika naziri: "Albaniyanın qazlaşdırılması TAP ilə mümkün olacaq" Albaniya hökuməti iqtisadi inkişafı artıracaq ölkənin qazlaşdırılması ilə bağlı Baş Plan hazırlayıb
Energetika
21 Mart , 2021 12:06
Energetika naziri: Albaniyanın qazlaşdırılması TAP ilə mümkün olacaq
Belinda Balluku

Albaniya hökuməti iqtisadi inkişafı artıracaq ölkənin qazlaşdırılması ilə bağlı Baş Plan hazırlayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Albaniyanın energetika naziri Belinda Balluku deyib.

O bildirib ki, qazlaşdırma Trans-Adriatik Boru Kəməri (TAP) və ABŞ şirkətlərinin "Vlora" istilik elektrik stansiyasına (İES) investisiya qoyuluşu ilə mümkün olacaq: “Bütün investisiya ABŞ tərəfindən qoyulacaq və Albaniya dövləti heç bir vəsait yatırmayacaq.”

Qeyd edək ki, Albaniya ötən həftə ABŞ-ın “ExxonMobil” və “Excelerate Energy” şirkətləri ilə Vloradakı ərazini mayeləşdirilmiş təbii qaz (LNG) terminalına çevirmək üçün müqavilə imzalayıb.

Anlaşma memorandumu 2021-ci ilin üçüncü rübündə təqdim edilməsi gözlənilən texniki-iqtisadi əsaslandırmanı nəzərdə tutur. Növbəti mərhələdə isə Albaniyanın cənubundakı Vlorada istilik elektrik stansiyasının profilini dəyişərək və yeni bir LNG terminalının inşa etməklə, sahilyanı şəhərini maye qaz üçün regional mərkəzə çevirməyi hədəfləyir.

“Albaniyanın və Balkan bölgəsinin enerji qaynaqlarını şaxələndirilməsinə və inkişaf etdirilməsinə ehtiyac var. Anlaşmaya əsasən, "Vlora" İES Albaniyanın ehtiyaclarına uyğun olaraq fəaliyyət göstərəcək”, - deyə albaniyalı nazir qeyd edib.

Xatırladaq ki, gələcəkdə Cənub Qaz Dəhlizi (SGC) ilə Balkan bölgəsinə də qaz nəql edilə bilər. Qərbi Balkanlar Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya və Kosovo kimi ölkələri əhatə edir.

Qeyd edək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP-ın səhmdarları SOCAR (20 %), bp (20 %), Snam (20 %), Fluxys (19 %), Enagás (16 %) və Axpo (5 %) şirkətləridir.

Son xəbərlər

Orphus sistemi