Elşən Hacızadə: "Bakı neft emalı zavodunun köçürülməsi 2030-2031-ci illərdə baş tuta bilər"
- 03 mart, 2025
- 17:17
Bu il Bakı şəhərindən neft emalı zavodunun köçürülməsi ilə bağlı qərar qəbul olunarsa, proses 2030-2031-ci illərdə həyata keçiriləcək.
“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Sənaye və Energetika Şöbəsinin müdiri Elşən Hacızadə Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsində keçirilən ictimai dinləmədə bildirib.
Onun sözlərinə görə, hazırda Bakıdakı neft emalı zavodunun gələcəyi ilə bağlı iki ssenari nəzərdən keçirilir: "Birinci ssenari zavodun modernləşdirilməsinin davam etdirilməsidir, ikinci isə zavodun köçürülməsini nəzərdə tutur”.
E. Hacızadə qeyd edib ki, zavod artıq “Avro-5” standartına uyğun dizel yanacağı və benzin istehsal edir, 2025-ci ildən isə zavodun modernləşdirilməsinin ikinci mərhələsinə başlanılması planlaşdırılır:
“Hazırda müzakirələr aparılır - zavodun köçürülməsi, yoxsa modernləşdirmənin davam etdirilməsi? Hər iki ssenaridə, əgər yeni zavod tikiləcəksə, bu proses 2030-2031-ci illərdə baş tutacaq. Modernləşdirmə davam edərsə, bu da eyni dövrə təsadüf edəcək”.
E. Hacızadə əlavə edib ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) 70 ildən çox, ona qoşulan “Azərneftyağ” zavodunun isə təxminən 130 illik tarixi var idi. “Azərneftyağ” zavodunun ümumi istehsalının 30 %-i BNEZ-də həyata keçirilir. Modernləşdirmə başa çatmadan zavodu köçürmək mümkün deyil”.
Xatırladaq ki, “Azərneftyağ” neft emalı zavodunun fəaliyyəti 2015-ci il yanvarın 1-dən dayandırılıb və Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna birləşdirilib. Bu addım bəzi təkrarlanan biznes proseslərinin yaratdığı əlavə xərcləri aradan qaldırmaq məqsədi daşıyırdı. “Azərneftyağ” NEZ-in istehsal qurğuları və sahələri BNEZ-in tərkibində fəaliyyətini davam etdirir.