Bakı. 1 fevral. REPORT.AZ/ “Azərişıq” ASC-dən elektrik enerjisinin satışı səlahiyyətinin alınması və ayrıca satış treyderlərinin yaradılması gözlənilir.
Bunu “Report”a açıqlamasında Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yanında “Azalternativenerji” MMC-nin baş energetiki (vaxtilə mövcud olmuş Sənaye və Energetika Nazirliyinin energetika şöbəsinin müdiri) Tahir Cəfərov deyib.
Onun sözlərinə görə, bu, Azərbaycanın energetika sistemində aparılacaq islahatların nəticəsində reallaşacaq: "Biz islahatın müəyyən mərhələlərini təcrübə kimi keçmişik. Artıq qonşu dövlətlərdə gedən prosesləri də öyrənməliyik. Belə ki, energetika sistemində 4 subyekt əmələ gəlməlidir. Bunlardan birincisi, elektrik enerjisinin istehsalıdır ki, hazırda 20-dən artıq iri stansiya var. İkincisi, ötürmə şəbəkəsidir ki, buna dispetçer ötürücü sistemi deyilir. Yəni sistem operatoru yaradılmalıdır. Üçüncü sistem paylayıcı şəbəkələrdir. Hansı ki, “Azərişıq”da cəmlənib. Gələcəkdə “Azərişıq”da olan satış səlahiyyətinin alınması və ayrıca satış treyderlərinin yaradılması prosesi getməlidir. Bütün bunların hamısından əlavə bazarın özü formalaşdırılmalıdır. Topdansatış bazarının da özünün qolları var. Bir də bazar mühitində satılan əmtəə var. Burada yalnız elektrik enerjisi deyil, elektrik gücü, servis xidmətləri var. Bütün bu idarəçilik üçün yaxşı elektron təchizat olmalıdır. İnformasiya ötürülməsi onlayn rejimində həyata keçirilməlidir. Əgər Azərbaycanda 3-5 min böyük elektrik tələbatçıları varsa, 20-dən çox böyük elektrik stansiyaları varsa, bunların məhsulunun ümumi sistemdə alınıb satılması sayğaclar vasitəsilə reallaşdırılmalıdır. Vahid protokol olmalıdır ki, onu vahid terminalda uzlaşdırsın.
Daha sonra isə həmin günü tarifi banka göndərilir və günü sonunda həmin stansiyalara və ya başqa xidmət sahələrinə ödənilir. Bütün bunlar çox mürəkkəb proseslərdir. Əgər işlər intensiv aparılsa 3 il ərzində Azərbaycan bu sahədə islahatlarını yekunlaşdıra bilər”.
Xatırladaq ki, Prezident İlham Əliyevin 10 avqust 2006-cı il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyəti bərpa edilib. Dövlət başçısının 10 fevral 2015-ci il tarixli sərəncamı ilə isə onun bazasında "Azərişıq" yaradılıb və "Azərenerji" ASC-nin enerji satışı funksiyası yeni quruma həvalə edilib.