Yuxarı

“ElectroGas Malta” konsorsiumunun baş icraçı direktoru: “SOCAR geniş təcrübəyə malik etibarlı və yüksəkixtisaslı tərəfdaşdır” - MÜSAHİBƏ

Franz Doerfler: SOCAR mütəxəssisləri bu sahəyə yaxından bələddirlər

Valetta.12 yanvar. REPORT.AZ/ Dünən Azərbaycan Dövlət Neft Şirkətinin ticarət evi - “SOCAR Trading” Maltada işləri davam etdirilən "LNG-to-Power" (Liquified Natural Gas, mayeləşdirilmiş qazdan elektrik enerjisinə) layihəsi üçün ilk LNG partiyasını çatdırıb. Layihə ilə bağlı Maltanın “ElectroGas Malta” konsorsiumunun baş icraçı direktoru Franz Doerflerin "Report"a müsahibəsini təqdim edirik:

- SOCAR ilə əməkdaşlığınız hansı səviyyədədir? SOCAR-ın layihədəki rolu nədən ibarətdir?

- Müxtəlif beynəlxalq layihələrdə birlikdə işləməklə SOCAR-ı geniş təcrübəyə malik etibarlı və yüksəkixtisaslı tərəfdaş kimi tanıyıram. SOCAR-ın mütəxəssisləri bu sahəyə yaxından bələddirlər və aydın görünür ki, Delimara elektrik stansiyası onların ilk belə layihəsi deyil.

- Bu layihə çərçivəsində SOCAR-la əməkdaşlıq hansı səviyyədədir və gələcək planlarınız necədir?

- SOCAR-ın rolu iki səviyyədə qeyd olunur: “ElectoGas Malta” beynəlxalq konsorsiumunun 33% payına sahib səhmdar və yeganə qaz təchizatçısıdır. Gələcək planlarla bağlı deyə bilərəm ki, hazırda boru kəməri ilə bağlı hər hansı bir iş mövcud deyil. Lakin Maltanın elektrik istehsalının əhəmiyyətli hissəsini yanacaqla təmin etməsini nəzərə alaraq, Delimara stansiyası ilk olmaqla, ölkə tələbatının iki ekoloji təmiz LNG stansiyası ilə təmin etmək potensialını qeyd etmək olar.

- Həyata keçirilən layihələrin Malta üçün üstünlükləri nədir?

- Müasir texnologiya əsasında LNG ilə işləyən stansiyaların istismarı daha ucuz başa gəlir. Artıq bu qazın təmin olunması şəraitində, yüksək səmərəliliyə malik yeni elektrik stansiyası Maltaya ekoloji cəhətdən daha təmiz elektrik enerjisi çatdıra bilər. Qabaqcıl beynəlxalq təcrübə ilə yanaşı, stansiya müasir, səmərəli və təhlükəsiz texnologiyalar əsasında fəaliyyət göstərir. Delimara elektrik stansiyasının istismara verilməsi ilə Malta yalnız ekoloji cəhətdən təmiz enerjinin istehsalı sahəsində ön plana keçmir, eyni zamanda, Avropada ən rəqabətli elektrik tarifləri təklif etmək səviyyəsinə çatır.

- İllik hansı həcmdə LNG təchiz ediləcək?

- Stansiya 700 min kubmetr LNG emal edəcək. Bu, hazırda illik qaydada, 6 təchizat olmaqla “SOCAR Trading” tərəfindən təmin edilir.

- Layihənin təxmini dəyəri nə qədərdir və necə maliyyələşdirilib?

- Elektrik stansiyası ilə bağlı ümumi sərmayə 500 mln. avro təşkil edir və bankların beynəlxalq konsorsiumu, eləcə də, “ElectroGas Malta”nın tərəfdaşları vasitəsilə maliyyələşdirilib.

- İlk mərhələnin tamamlanmasından sonra stansiya elektrik enerjisi təchizatına nə zaman başlayacaq?

- Tikinti başa çatdığına görə, stansiya artıq qazın qəbuluna hazırdır və elektrik enerjisinin təchizatı təxminən yarım ilə həyata keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi