Neft-qaz sənayesinin alt sektorlarında ("downstream" seqmenti) davamlılıq və innovasiyanın təsiri ilə həyəcanverici transformasiya dalğası yaşanır.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin törəməsi olan “SOCAR Türkiye Enerji” şirkətinin baş icraçı direktoru Elçin İbadov “Linkedin”də yazıb.
Onun sözlərinə görə, əsas dəyişikliklərdən biri karbontutma və istifadə (CCU) texnologiyalarının neft emalı və neft-kimya əməliyyatlarına inteqrasiyasıdır: “Bu irəliləyişlər, neft emalı zavodlarının təkcə emissiyaları azaltmasına deyil, eyni zamanda tutulan CO₂-ni sintetik yanacaq və kimyəvi maddələr kimi qiymətli məhsullara çevirməyə imkan verir. Bu yeniliklər, sektor üçün gəlirliliyi ətraf mühitin mühafizəsi ilə birləşdirərək alt sektorlarda mənzərəni yenidən formalaşdırır”.
E. İbadov qeyd edib ki, “SOCAR Türkiye” bu cür perspektivli həlləri kəşf etməkdən və tətbiq etməkdən qürur duyur: “Türkiyənin ən böyük xarici sərmayəçi olaraq fəaliyyətimizdə davamlılığı müdafiə etməklə yanaşı, dəyər yaratmağa da davam etdiririk. Neft-kimya istehsalında aşağı karbonlu emal potensialı və səmərəliliyin artırılması potensialı, daha "yaşıl" və "ağıllı" enerji gələcəyinə sadiqliyimizi gücləndirir. "Downstream" seqmenti artıq yalnız istehsalla bağlı deyil, transformasiya, məsuliyyət və innovasiya ilə bağlıdır".
Qeyd edək ki, “SOCAR Türkiyə Enerji” şirkəti ölkədə yeni neft-kimya güclərinin yaradılmasına investisiya qoyuluşunu 7 milyard ABŞ dolları məbləğində qiymətləndirir. 2025-2026-cı illərdə layihənin FEED hazırlanması istiqamətində aparılacaq işlər təxminən 50 milyon ABŞ dolları sərmayə tələb edəcək.
SOCAR Türkiyədə fəaliyyət göstərdiyi 17 il ərzində bu ölkəyə 18,5 milyard ABŞ dollarından çox sərmayə qoyub. “SOCAR Türkiyə Enerji” şirkətinin strukturuna 32 şirkət daxildir.
Ötən il STAR Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən təmir və modernləşdirmə işləri nəticəsində zavodun emal gücü ildə 13 milyon tonu keçib. STAR NEZ Türkiyənin ən böyük neft emalı müəssisəsidir və ölkənin neft məhsullarına olan tələbatının 18 %-ni təmin edir.
Xatırladaq ki, “SOCAR Turkey Enerji” şirkəti “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir. Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir. “Petkim”in səhmləri İstanbul Fond Birjasında tədavül edilir.