Bakı Enerji Həftəsi çərçivəsində bu gün təməli qoyulan layihələr bərpa olunan enerji sahəsində yeni eranın başlanğıcı kimi dəyərləndirilməlidir.
Bunu “Report”a açıqlamasında iqtisadçı ekspert Amal Həsənli deyib.
Onun sözlərinə görə, dünyanın enerji sənayesi sahəsini təmsil edən lider oyunçuların Bakıya toplanması ölkənin qlobal aktor rolunun bariz nümunəsidir:
“Bildiyimiz kimi builki tədbir Azərbaycan tarixində xüsusi çəkiyə və müstəsna rola malik hadisəyə təsadüf edir. Belə ki, "Əsrin müqaviləsi"nin imzalanmasından tam 30 il ötür. Bu sənəd Azərbaycanın neft tarixində yeni dövrün təməlini qoymaqla ölkəmizi enerji sahəsində qlobal oyunçuya çevirib. Son illər ölkəmiz “yaşıl enerji” gündəmini fəal şəkildə inkişaf etdirir. Azərbaycan bərpa olunan enerji sahəsindəki geniş potensialından çıxış edərək bu sahədə bir sıra layihələr həyata keçirir. Əminliklə demək olar ki, Enerji Həftəsi Çərçivəsində təməli qoyulan layihələr yeni eranın başlanğıcı olmaqla yanaşı, ölkəmizin qlobal enerji təhlükəsizliyindəki rolunu əhəmiyyətli dərəcədə artırmış olacaq”.
ABŞ prezidenti Cozef Baydenin tədbirlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı məktuba diqqət çəkən ekspert bunu ABŞ-nin Azərbaycana verdiyi yüksək dəyərin göstəricisi kimi dəyərləndirib.
“Prezident Bayden, Azərbaycanın, xüsusilə Avropada qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qaldığını, ölkənin təmiz enerji ixracının neft və qaz ixracını üstələyəcək gələcəyə gətirib çıxara biləcəyini vurğulayıb. O, möhkəm ikitərəfli əlaqələrə yeni təkan vermək imkanını alqışlayıb və COP29 tədbirinin uğurla keçirilməsi üçün qarşıdakı aylarda birgə əməkdaşlıq etmək arzusunu ifadə edib. Cozef Baydenin bir həftə ərzində Azərbaycan Prezidentinə artıq ikinci məktub ünvanlaması ABŞ-Azərbaycan münasibətlərinin soyuması barədə sayıqlayan başda erməni lobbisi olmaqla Azərbaycan əleyhinə olan bütün qüvvələrə tutarlı bir cavabdır. Azərbaycan qlobal enerji bazarının fəal, regionun lider ölkələrindən biridir. İlk növbədə ölkələrinin marağını düşünən qlobal oyunçular bununla hesablaşmaya bilməzlər. Ölkəmizin artan nüfuzu qarşısında heç kəs milli maraqlarını kiminsə tarixi sayaqlamalarına qurban verməyəcək. Bu baxımdan ABŞ-nin bundan sonra da Azərbaycan-Ermənistan münasibətlərində neytrallığını qoruması, iki ölkə arasından əməkdaşlığın daha da dərinləşməsinə təkan verəcək”,-deyə A. Həsənli qeyd edib.
Xatırladaq ki, Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir. Bunlar 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumudur. Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edir. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edir. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar. Bu ilki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 %-ni təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın "yaşıl enerji" sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40 %-i tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur.
Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında üç bərpa olunan enerji layihəsi üzrə Səhmdarlar Sazişləri imzalanıb. “Masdar” şirkəti Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) iki günəş elektrik stansiyası və Abşeron-Qaradağda isə 240 MVt gücündə bir külək elektrik stansiyası inşa edəcək. illik 2 milyard 305 milyon kVt/saat elektrik enerjisi istehsal edəcək yeni stansiyalar, 496 milyon kubmetr təbii qaza qənaət etməyə, həmçinin 1 milyon tona yaxın karbon emissiyasının qarşısının almağa imkan verəcək.