Ekspert: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinə verəcəyi töhfəni bazarda nümayiş etdirir"

Ekspert: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinə verəcəyi töhfəni bazarda nümayiş etdirir" Azərbaycan getdikcə həm özünün təbii qaz satışı coğrafiyasını genişləndirir, həm də Avropanın enerji təhlükəsizliyinə verəcəyi töhfəni bazar iştirakçılarına göstərir.
Energetika
19 Dekabr , 2022 16:38
Ekspert: Azərbaycan Avropanın enerji təhlükəsizliyinə verəcəyi töhfəni bazarda nümayiş etdirir

Azərbaycan getdikcə həm özünün təbii qaz satışı coğrafiyasını genişləndirir, həm də Avropanın enerji təhlükəsizliyinə verəcəyi töhfəni bazar iştirakçılarına göstərir.

Bunu "Report”a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib.

O, qaz ixracı sahəsində Azərbaycanın siyasətini məqsədəuyğun hesab etdiyini deyib: “Azərbaycanın Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) imkanlarının bir neçə ildən sonra iki dəfə genişləndirilməsini, bundan sonra Avropada yeni müştərilərə qaz satılmasını gözləmək fikri yoxdur. Azərbaycan mövcud imkanlardan yararlanır və bu istiqamətdən çıxış edir. Baxmayaraq ki, TAP ilkin mərhələdə 10 milyard kubmetr qazın ötürülməsinə hesablanmışdı, ilin əvvəlində aparılan sınaqlar göstərdi ki, daxili imkanlar hesabına həyata keçirilən işlər nəticəsində bu boru kəməri ilə 12 milyard kub metrə qədər qaz nəql etmək imkanı var. Yəni nəzəri baxımdan kompressor stanstiyaları 12 milyard kub metrə qədər qaz ötürmək imkanındadır. Ona görə də Prezident çıxışında qeyd etdi ki, 2023-cü ildə Avropaya 11,6 milyard kubmetr qaz nəqlimiz nəzərdə tutulub".

"Hər bir maşın mexanizminin olduğu kimi boru kəmərlərinin də stabil vəziyyətdə işləmə gücü var. Müəyyən günlərdə bu işləmə gücü maksimuma çata bilər. Ancaq illik imkanlar 12 milyard kubmetrə qədərdir. Bu baxımdan əgər bu il Avropaya 11,3 miyard kubmetr qaz satmağı planlaşdırırıqsa və gələn il bu rəqəm 11,6 milyard kubmetr olacaqsa, bu o deməkdir ki, Ruminiyanın Azərbaycandan təqribən gündəlik 1 milyon kubmetr qaz almaq imkanı yaranacaq. Ruminiya hökumətinin iddiası budur ki, Azərbaycandan 4 milyard kub metrə qədər qaz həcmləri alsın. Amma bu, indiki halda mümkün deyil. Heç gələn il və yaxud o biri ildə də mümkün ola bilməz. Qaz həcmlərinin genişləndirilməsinin I mərhələsinin 2025-ci ilə qədər başa çatdırılması həyata keçirilə bilər. Bunu TAP-ın icraçı direktoru da qeyd etmişdi. Mərhələli şəkildə bu prosesi həyata keçirsək, 2027-ci ilə qədər TAP-ın ötürücülük gücü əlavə 10 milyard kubmetr artırıla bilər”, - ekspert qeyd edib.

“Gələn il üçün hökumətin “Abşeron” yatağından ölkənin daxili bazarı üçün ilk qazı almaq planı var. 2024-cü ilə qədər bu yataqdan alınan qazın həcmi 1,5 milyard kubmetr səviyyəsinə gəlib çıxa bilər. Həmin qaz bizim daxili bazara gəlirsə, deməli Azərbaycan "Şahdəniz"dən daxili bazarı üçün aldığı qaz həcmlərini azalda bilər. Nəticədə həmin həcmlərin xarici bazara çıxarılması mümkündür”, - İ.Şaban əlavə edib.

Son xəbərlər

Orphus sistemi