Bakı. 1 noyabr. REPORT.AZ/ Energetika Nazirliyində Prezident İlham Əliyevin “Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” 19 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə energetika sahəsində səmərəli fəaliyyətinə görə nazirliyin dövlət təltiflərinə layiq görülmüş əməkdaşlarına mükafatların təqdim olunması mərasimi keçirilib.
Nazirlikdən “Report”a verilən məlumata görə, nazir Pərviz Şahbazov energetiklərin əməyini yüksək qiymətləndirən, energetika sektorunun inkişafını daim diqqət mərkəzində saxlayan dövlət başçısına kollektiv adından dərin minnətdarlığını bildirib.
Sonra nazir təltif olunan əməkdaşları - Xalidə Məsimova və İbrahim Ağayevi təbrik edərək medal və vəsiqələri sahiblərinə təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.