“Dayazsulu Abşeron”da ilk quyu gələn ilin I rübündə qazılacaq

“Dayazsulu Abşeron”da ilk quyu gələn ilin I rübündə qazılacaq Quyunun qazılmasına bu məqsədlə seçilmiş qazma qurğusu üzərində hazırda aparılan işlər başa çatdıqdan sonra başlamaq nəzərdə tutulur
Energetika
16 Noyabr , 2020 14:07
“Dayazsulu Abşeron”da ilk quyu gələn ilin I rübündə qazılacaq

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş yerlərdə ilk kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2020-cu ilin üçüncü rübünün yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.

Bildirilir ki, quyunun qazılmasına bu məqsədlə seçilmiş qazma qurğusu üzərində hazırda aparılan işlər başa çatdıqdan sonra başlamaq nəzərdə tutulur.

Quyu üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi avqust ayının 28-də ictimaiyyətə açıqlanıb və hazırda hökumətlə və ictimaiyyətlə müzakirələr davam edir. Sənədin təsdiqi ilə müvafiq icazələr alınmaqla quyunun qazılmasına 2021-ci ilin birinci rübündə başlanacaq.

Qeyd edək ki, 2014-cü il dekabrın 22-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BP şirkəti arasında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb. Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Müqavilə sahəsi 1 900 kv. km sahəni əhatə edir.

Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən perspektiv strukturlarda neft ehtiyatlarının olduğu ehtimal edilir. Burada qazma işlərinin “KazMunayQaz” şirkətinə məxsus “Sətti” üzən qazma qurğusu vasitəsilə aparılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi