Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycanda hasil olunan neftin qeydiyyata başlandığı 1871-ci ildən 2 mlrd. ton neft hasil olunmaq üzrədir.
"Report" xəbər verir ki, bu münasibətlə bu gün keçirilən tədbirdə SOCAR-ın "Azneft" İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov bildirib: "2 milyardıncı ton neftin hasil edilməsi böyük tarixi hadisədir".
O, Azərbaycanda neft hasilatı tarixinin qədim olduğunu xatırladaraq qeyd edib ki, indi böyük nailiyyətlərə imza atılaraq işlər davam etdirilir: "1971-ci ildə Azərbaycanda 1 milyardıncı ton neft hasil olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra 700 mln. ton neft hasil olunub. Bu həcmin 460 mln. tonu "Azəri-Çıraq-Günəşli" blokundan və "Şahdəniz" yatağından konsorsium tərəfindən, qalanı isə (240 mln.ton) SOCAR tərəfindən hasil edilib. Bunda da "Azneft" İB-nin kollektivinin böyük əməyi var".
D.İskəndərov çıxışında insan kapitalının inkişafından da danışaraq bildirib ki, hazırda "Azneft" İB-də SOCAR-ın xarici təqaüd proqramı ilə təhsil almış 70-ə yaxın gənc çalışır.
Birlik rəhbəri "Azneft"in qarşısında bundan sonra da görüləcək böyük işlər olduğunu əlavə edib: "Yeni yataqların açılmasına, hasilatın artırılmasına nail olmalıyıq".