Bakı. 21 fevral. REPORT.AZ/ Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətə 2016-cı il ərzində təqribən 27 mln. ABŞ dolları həcmində əməliyyat xərcləri və 974 mln. dollar əsaslı xərclər sərf edilib.
Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir.
Hesabat ilində CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 19,9 mln. kubmetr qaz olub ki, bu da 2015-ci ildən 7% çoxdur.
Qeyd edək ki, bu boru kəməri 2006-cı ilin sonunda istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır.
CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.
CQBK-nin sərmayədarları qismində BP (28,8%), "AzSCP" (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NİCO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.