"Cənub Qaz Dəhlizi" QSC: "Şahdəniz-2" üzrə 16,4 mlrd. dollar xərclənib

"Cənub Qaz Dəhlizi" QSC: "Şahdəniz-2" üzrə 16,4 mlrd. dollar xərclənib Bu, layihənin dəyərinin 68,6%-i qədərdir
Energetika
13 Oktyabr , 2017 16:48
Cənub Qaz Dəhlizi QSC: Şahdəniz-2 üzrə 16,4 mlrd. dollar xərclənib
"Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayev / Report/ Orkhan Azim

Bakı.13 oktyabr. REPORT.AZ/ Bu ilin avqust ayının sonuna kimi Azərbaycan qazının Avropaya nəqli üçün həyata keçirilən "Cənub Qaz Dəhlizi" layihəsinin seqmenti olan "Şahdəniz 2" layihəsi üzrə 16,4 mlrd. ABŞ dolları məbləğində vəsait xərclənib.

"Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən "Argus Azərbaycan Beynəlxalq Neft Sammiti"ndə çıxışı zamanı "Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayev məlumat verib.

"Şahdəniz-2" layihəsinin ümumi dəyəri 23,9 mlrd. ABŞ dollarıdır. Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi üzrə isə 3,8 mlrd. ABŞ dolları məbləğində vəsait xərclənib. Layihənin ümumi dəyəri 4,7 mlrd. dollardır", - deyə o qeyd edib.

Baş direktorun sözlərinə görə, cari ilin avqust ayının sonuna Trans Anadolu Boru Kəməri (TANAP) üzrə xərclər 4,6 mlrd. dollar təşkil edib.

"TANAP-ın ümumi dəyəri 8 mlrd. ABŞ dollarıdır. Halbuki, layihənin ilkin dəyəri 11 mlrd. ABŞ dolları idi", - deyə Ə.İsayev əlavə edib.

O həmçinin bildirib ki, bu ilin avqust ayının sonuna kimi Trans Adriatik Boru Kəmərinə (TAP) 2,3 mlrd. avro xərclənib. TAP-ın ümumi dəyəri isə 4,5 mlrd. avrodur. Bu kəmərlə ilk Azərbaycan qazı 2020-ci ildə Avropaya çatdırılacaqdır.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” QSC ölkə Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı əsasında yaradılıb. Onun səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. 

Son xəbərlər

Orphus sistemi