Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakı iclasının yekununda bəyannamə imzalanıb

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakı iclasının yekununda bəyannamə imzalanıb Birgə Bəyannamə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən imzalanıb
Energetika
29 Fevral , 2016 16:36
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakı iclasının yekununda bəyannamə imzalanıb

Bakı. 29 fevral. REPORT.AZ/ Bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurasının II iclasının nəticələri ilə bağlı Birgə Bəyannamə qəbul olunub. "Report" xəbər verir ki, sənədin imzalanma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

Birgə Bəyannamə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən imzalanıb. Bəyanamədə Avropa bazarlarının Azərbaycanın enerji daşıyıcıları ilə etibarlı, təhlükəsiz və davamlı şəkildə təminatı məqsədilə enerji resurslarının istehsalçıları, tranzit ölkələr və istehlakçılar arasında uzunmüddətli strateji münasibətlərin inkişafı və dərinləşdirilməsi məramı vurğulanır.

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ötən il fevralın 12-də keçirilmiş I iclasından ötən müddət ərzində CQD layihəsinin icrası istiqamətində əldə edilmiş nailiyyətlər yüksək qiymətləndirilir.

Əldə olunmuş nəticələrin CQD layihəsinin vaxtında və uğurla icrasına şərait yaratmaqla strateji hədəflərə çatmağa xidmət edəcəyi bildirilir. Bundan başqa, Layihənin yerinə yetirilməsi üzrə bütün hüquqi prosedurların və tənzimləyici tədbirlərin müvafiq ölkələr tərəfindən yerinə yetirilməsi təqdir edilir. Layihənin Avropa İttifaqının sərhədlərindən kənar bazarlara, o cümlədən Balkanlara doğru genişləndirilməsi məqsədilə mövcud və perspektiv imkanların qiymətləndiriləcəyi qeyd edilir. Bu məqsədlə Yunanıstan-Bolqarıstan interkonnektor qaz kəməri və İon-Adriatik dənizləri qaz kəməri layihələrinə xüsusu maraq göstərildiyi bildirilir.

Bununla yanaşı, CQD çərçivəsində layihələrin maliyyələşdirilməsi üçün milli və Avropa maliyyə institutları ilə gələcək əməkdaşlıq və effektiv mexanizmlərin möhkəmləndirilməsi dəstəklənir. Bildirilir ki, Avropa Komissiyasının dəstəyi ilə Cənub Qaz Dəhlizinin həyata keçirilməsi məsələlərini həll etmək üçün strateji enerji tərəfdaşlığının inkişafı üçün Enerji Birliyinin Baza Strategiyasından ən yaxşı şəkildə istifadə edilməlidir.

CQD-nin imkanlarının artırılması üçün yeni təchizatçı, yaxud tranzit ölkələrin cəlbi ilə əlaqədar yarana biləcək məsələlərin həlli üçün ikitərəfli və çoxtərəfli işçi qrupları səviyyəsində məsləhətləşmələr formatının davam etdirilməsi niyyəti bildirilib. Cənub Qaz Dəhlizinə əlavə təchizatçıların qoşulması və qaz həcmlərinin artırılması ilə layihənin imkanlarından maksimum şəkildə istifadə olunması üçün səylərin artırılması yekdilliklə bəyan edilib.

Son xəbərlər

Orphus sistemi