Bu il SOCAR neft ixracını 28 %-dək artırıb

Energetika
  • 16 mart, 2023
  • 11:54
Bu il SOCAR neft ixracını 28 %-dək artırıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda hasil edilən neftin 1,3 milyon tonu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-fevral ayları üzrə operativ məlumatlarında deyilir.

Bu, 2022-ci ilin 2 ayının göstəriciləri ilə müqayisədə eynidir.

SOCAR 305 min ton nefti ixrac edib, bu da illik müqayisədə 66 min ton və ya 27,6 % çoxdur.

Ümumilikdə bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 5,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,4 milyon ton və ya 7,3 % azdır.

Bildirilir ki, respublika üzrə neft hasilatının 3,1 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,7 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. Bu da 2022-ci ilin iki ayının göstəriciləri ilə müqayisədə AÇG üzrə 0,3 milyon ton və ya 8,8 % azdır. “Şahdəniz” yatağı üzrə isə hasilat illik müqayisədə 0,1 milyon ton və ya 12,5 % azdır.

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan 4,1 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bu, ötən ilin ilk iki ayının göstəricisi ilə müqayisədə 0,3 milyon ton və ya 6,8 % azdır.

İxrac olunan neftin 3,8 milyon tona yaxını Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) payına düşür ki, bu da illik müqayisədə 0,4 milyon ton və ya 9,5 % azdır.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda neft hasilatı 30,4 milyon ton səviyyəsində proqnozlaşdırılır.

Qeyd edək ki, Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub.

Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Son xəbərlər

Bütün Xəbər Lenti