Bu il SOCAR neft hasilatını 1 %-dən çox azaldıb
- 15 dekabr, 2022
- 07:58
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 7,1 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 milyon ton və ya 1,4 % azdır.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-noyabr ayları üzrə operativ məlumatlarında deyilir.
Hesabat dövründə Azərbaycanda 29,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu, 2021-ci ilin 11 ayı ilə müqayisədə 1,8 milyon ton və ya 5,7 % azdır.
Məlumata görə, respublika üzrə neft hasilatının 18,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 4 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. İllik müqayisədə “Azəri-Çıraq-Günəşli”dən çıxarılan neftin hasilatı 1,9 milyon ton və ya 9,2 % azdır. “Şahdəniz” yatağından çıxarılan kondensatın həcmi isə illik müqayisədə 0,2 milyon ton və ya 5,3 % artıb.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİCO (10 %) "SGC Upstream" (6,7 %) şirkətləri iştirak edir.