Bu il BTC-nin əsaslı xərcləri artıb

Bu il BTC-nin əsaslı xərcləri artıb
Energetika
13 May , 2019 16:46
Bu il BTC-nin əsaslı xərcləri artıb

Bu ilin birinci rübündə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri üzrə əməliyyat xərclərinə, təqribən, 25 mln. ABŞ dolları xərclənib.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə yaydığı hesabatında qeyd edilib.

Məlumata görə, bu, 2018-ci ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 5 mln. dollar və ya 16,7% azdır.

Bu ilin birinci rübü ərzində boru kəmərinin fəaliyyəti üzrə əsaslı xərclərə isə, təqribən, 6 mln. dollar xərclənib ki, bu da 2018-ci ilin ilk rübünün göstəriciləri ilə müqayisədə 1 mln. dollar və ya 20% çoxdur.

Bu ilin birinci rübü ərzində isə BTC vasitəsilə 8 mln. tondan çox (təqribən, 61 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 74 tankerə yüklənib. Bu, ötən ilin yanvar-mart ayları ilə müqayisədə 0,3 mln. ton və ya 3,6% azdır.

1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2019-cu ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 425 mln. ton (təqribən 3,2 mlrd. barel) xam neft nəql edilib və Ceyhanda 4 159 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Hazırda BTC boru kəməri, əsasən, Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); “Chevron” (8,90%); “Equinor” (8,71%); TPAO (6,53%); “Eni” (5,00%); “Total” (5,00%), “İtochu” (3,40%); “İnpex” (2,50%), “ExxonMobil” (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.