Bu il BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 8 % artıb
- 13 sentyabr, 2024
- 12:54
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 25 milyon 807,6 min ton neft nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,5 % azdır.
Ötən dövr ərzində nəqletmənin 75,1 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.
Bu ilin yanvar-avqust aylarında bu kəmər vasitəsilə 19 milyon 390,2 min ton neft ötürülüb. Bu, 2023-cü ilin 8 ayı ilə müqayisədə 3,8 % azdır.
BTC kəməri ilə nəql edilmiş neftin 81,5 %-ini və ya 15 milyon 806 min tonunu Azərbaycanda hasil edilən neft, 18,5 %-ini və ya 3 milyon 584,2 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib. Bu dövrdə BTC kəməri ilə nəql edilmiş Azərbaycan neftinin həcmi 6,1 % azalıb, Türkmənistan və Qazaxıstandan daxil olan neftin həcmi isə 8,1 % artıb.
Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.
BTC Ko.-nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), “EksonMobil” (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.