Bu il “Balaxanı” yatağından neft hasilatı 4 %-ə yaxın azalacaq
- 29 yanvar, 2025
- 11:37
Bu il “Balaxanı” yatağından 1,76 milyon barel neft hasil ediləcəyi proqnozlaşdırılır.
“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il üzrə büdcəsinə dair verdiyi rəydə deyilir.
Bu, 2024-cü ilin proqnozu ilə müqayisədə 0,07 milyon barel və 3,8 %, 2023-cü ilin faktiki göstəricisinə nisbətən isə 0,09 milyon barel və 4,9 % azdır.
2024-cü ildə yataqdan 1,83 milyon barel neft hasil olunması proqnozlaşdırılıb.
Qeyd edək ki, “Balaxanı-Sabunçu-Ramana” neft-qaz yatağı Bakı şəhərindən 12 km şimal-şərqdə yerləşir. Yatağın tutduğu sahənin uzunluğu 10 km, eni isə 3 km-dir. Oroqrafik cəhətdən bu yataq en istiqamətdə uzanan düzənliyi xatırladır. Düzənliyin qərbində yerləşən Balaxanı sahəsində Boğ-Boğa palçıq vulkanı yerləşib. Qərbdə hündürlüyünü saxlayan bu vulkan şərqdə yüksəkliyini itirərək Zabrat düzənliyi ilə əvəz olunur. Cənubda en istiqamətində uzanan Böyükşor və Ramana gölləri yerləşib. Bu yataq demək olar ki, 1869-cu ildə kəşf olunub və 1871-ci ildən istismar olunur. İstismar olunan fondda 1 124 quyu və fəaliyyətsiz quyular fondunda isə 328 quyu var.
Xatırladaq ki, "Balaxanı" yatağı "Balaxanıneft" Neft və Qaz Çıxarma İdarəsi (SOCAR-ın strukturu) tərəfindən işlənir. 2010-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın "UGE-Lanser PTI" şirkəti Balaxanı, Sabunçu, Ramana və Kürdəxanı quru yataqlarının daxil olduğu blokun kəşfiyyatına, reabilitasiyasına, işlənməsinə və hasilatına dair (PSA) 25 illik müqavilə imzalayıblar. Müqavilə sahəsi 16,14 kvadrat kilometr təşkil edir.
Müqaviləyə görə SOCAR-ın payı 25 %, Almaniyanın "Lancer" şirkətinin isə 75 % -dir.