Bu il Azərbaycan Türkiyəyə qaz nəqlini 9 %-dən çox artırıb

Energetika
  • 04 may, 2023
  • 07:18
Bu il Azərbaycan Türkiyəyə qaz nəqlini 9 %-dən çox artırıb

Bu ilin fevral ayında Azərbaycan Türkiyəyə 815,73 milyon kubmetr təbii qaz ixrac edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, 2022-ci ilin fevral ayı ilə müqayisədə 9,12 % çoxdur.

Bununla da fevralda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən üçüncü ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 13,57 %-i Azərbaycanın payına düşüb.

Xatırladaq ki, ötən ilin fevral ayında Türkiyə Azərbaycandan 747,52 milyon kubmetr təbii qaz idxal edib.

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 1 milyard 697,58 milyon kubmetr təbii qaz ixrac edilib. Bu, 2022-ci ilin iki ayı ilə müqayisədə 9,96 % çoxdur.

Ümumilikdə isə fevralda Türkiyə ümumilikdə 6 milyard 011,56 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2022-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 4,16 % azdır.

Hesabat dövründə Rusiya Türkiyəyə 2 milyard 065,87 milyon kubmetr təbii qaz tədarük edib və ixracın həcminə görə lider olub. Bu, 2022-ci ilin fevral ayı ilə müqayisədə 12,2 % azdır.

Fevralda ikinci yerdə ABŞ qərarlaşaraq Türkiyəyə 1 milyard 021,29 milyon kubmetr qaz nəql edib. Bu, 2022-ci ilin fevral ayı ilə müqayisədə 31,07 % azdır.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti