Bu il Azərbaycan Türkiyəyə qaz nəqlini 17 %-dən çox artırıb
- 02 oktyabr, 2023
- 06:03
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 6 milyard 64,18 milyon kubmetr təbii qaz ixrac edilib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, 2022-ci ilin ilk 7 ayı ilə müqayisədə 17,5 % çoxdur.
Bu ilin iyul ayında Azərbaycan Türkiyəyə 883,52 milyon kubmetr təbii qaz ixrac edib. Bu, 2022-ci ilin iyul ayı ilə müqayisədə 24,44 % çoxdur.
Bununla da iyulda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 29,1 %-i Azərbaycanın payına düşüb.
Xatırladaq ki, ötən ilin iyul ayında Türkiyə Azərbaycandan 709,97 milyon kubmetr təbii qaz idxal edib.
Ümumilikdə isə iyulda Türkiyə ümumilikdə 3 milyard 030,96 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2022-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 11,5 % azdır.
İyulda Rusiya Türkiyəyə qaz ixracına görə birinci olub. İlin 7-ci ayında Rusiyadan Türkiyəyə 1 milyard 664,26 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2022-ci ilin iyul ayı ilə müqayisədə 14,92 % çoxdur.
İyulda üçüncü yerdə Əlcəzair qərarlaşıb. Bu ölkə iyulda Türkiyəyə 483,18 milyon kubmetr qaz nəql edib. Bu, 2022-ci ilin iyun ayı ilə müqayisədə 26,22 % çoxdur.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.