Bu il Azərbaycan polietilen ixracını 20 % azaldıb

Energetika
  • 17 noyabr, 2022
  • 06:49
Bu il Azərbaycan polietilen ixracını 20 % azaldıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 93 min 935,89 ton ilkin formalarda polietilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polietilenin dəyəri 120 milyon 817,57 min ABŞ dolları təşkil edib.

Bu, 2021-ci ilin yanvar-oktyabr aylarının eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19,7 % 14,7 % azdır.

2022-ci ilin yanvar-oktyabr ayları ərzində polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 5,06 % olub. Hesabat dövründə ilkin formalarda polietilenin ölkənin ümumi ixracdakı payı 0,35 % olub.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 46 milyard 299 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 10 aylıq xarici ticarət dövriyyəsinin 34 milyard 711 milyon ABŞ dolları ixracın, 11 milyard 588 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.