Bu il Azərbaycan İrandan qaz idxalını 4 dəfədən çox azaldıb

Energetika
  • 13 sentyabr, 2023
  • 07:07
Bu il Azərbaycan İrandan qaz idxalını 4 dəfədən çox azaldıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan İrandan 14 milyon 255,79 min kubmetr təbii qaz idxal edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, İrandan Azərbaycana ixrac edilən təbii qazın dəyəri 541,09 min ABŞ dolları təşkil edib.

Bu, həcm baxımından 2022-ci ilin ilk 7 ayı ilə müqayisədə 51 milyon 835,54 min kubmetr (4,6 dəfə) azdır. Məbləğ baxımından isə illik müqayisədə 1 milyon 967,47 min ABŞ dolları (4,64) dəfə azdır.

Bu ilin yanvar-iyul aylarında Azərbaycan ümumilikdə 418 milyon 288,55 min ABŞ dolları dəyərində 1 milyard 610 milyon 442,31 min kubmetr təbii qaz idxal edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 219 milyon 753,76 min ABŞ dolları (6,14 dəfə) və 1 milyard 192 milyon 153,76 min kubmetr (3,85 dəfə) çoxdur.

Qeyd edək ki, 2021-ci ilin noyabr ayında Azərbaycan, İran və Türkmənistan arasında qarşılıqlı qaz tədarükü (swap) haqqında üçtərəfli saziş imzalanıb. Sazişə əsasən, Türkmənistan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetr qaz tədarük edəcək. 2022-ci ilin yanvar ayında gündəlik 5-6 milyon kubmetr həcm ilə qazın Azərbaycana nəqlinə başlanıb. Mart ayına qədər gündəlik qaz nəqlinin həcmi 7 milyon kubmetrədək artıb. 2022-ci ilin iyun ayında İran və Azərbaycan Türkmənistandan Azərbaycana İranın boru kəməri vasitəsilə illik qaz tədarükünü iki dəfə artırmağa dair razılığa gəlib.