Bu il Azərbaycan Avropaya qaz nəqlini təxminən 4 % artırıb
- 16 oktyabr, 2023
- 12:05
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Avropaya 8,6 milyard kubmetr təbii qaz ixrac edib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 9 ayı üzrə operativ məlumatlarında deyilir.
Bildirilir ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə Avropaya qaz satışı 0,3 milyard kubmetr və ya 3,6 % artıb.
Ümumilikdə isə bu ilin 9 ayında Azərbaycandan xaricə qaz satışı 17,8 milyard kubmetr təşkil edib ki, bu, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9 % çoxdur.
Bu müddət ərzində Azərbaycandan Türkiyəyə 7,5 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz satılıb. Türkiyəyə qaz ixracı 1,4 milyard kubmetr və ya 22,9 % artıb, Gürcüstana isə 0,2 milyard kubmetr və ya 10,5 %-dən çox azalıb.
Hesabat dövründə Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 4,3 milyard kubmetrə yaxın qaz nəql olunub. Bu da illik müqayisədə 0,1 milyard kubmetr və ya 2,4 % çoxdur.
Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb.
TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.