Bu il Azərbaycan Avropaya qaz nəqlini 7 %-dək artırıb
- 13 iyun, 2023
- 11:27
Bu ilin yanvar-may aylarında ərzində Azərbaycandan Avropaya 4,8 milyard kubmetr təbii qaz ixrac edilib.,
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-may üzrə operativ məlumatlarında deyilir.
Bildirilir ki, 2022-ci ilin ilk 5 ayı ilə müqayisədə Avropaya qaz satışı 0,3 milyard kubmetr və ya 6,7 % artıb.
Ümumilikdə isə bu ilin yanvar-may aylarında Azərbaycandan xaricə qaz satışı 10,3 milyard kubmetr təşkil edib ki, bu, ötən ilin yanvar-may ayları ilə müqayisədə 9,6 % çoxdur.
Bu müddət ərzində Azərbaycandan Türkiyəyə 4,3 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz satılıb. Ötən aylar ərzində Türkiyəyə qaz satışı 0,7 milyard kubmetr və ya 19,4 % artıb, Gürcüstana isə qaz satışı 0,1 milyard kubmetr və ya 7,7 % azalıb.
Qeyd edək ki, həmçinin ötən 5 ay ərzində Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 2,4 milyard kubmetrə yaxın qaz nəql olunub. Bu da illik müqayisədə eynidir.
Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir.
TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.
Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Azərbaycan qazının TAP vasitəsilə Avropaya ümumi təchizatı 12 milyard kubmetrə çatıb. Hazırda TAP vasitəsilə Avropaya gündəlik 28 milyon kubmetrdən çox qaz verilir.
Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.