Bu il “Abşeron” yatağından neft hasilatının həcmi açıqlanıb
- 16 oktyabr, 2023
- 12:59
Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci ən böyük qaz-kondensat yatağı olan “Abşeron”dan bu il 140 min ton (kondensat) neft hasil edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 9 ayı üzrə operativ məlumatlarında deyilir.
Ümumiyyətlə bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 22,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,8 milyon ton və ya 7,3 % azdır.
Bildirilir ki, respublika üzrə neft hasilatının 13,5 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 3,3 milyon tonu (kondensat) “Şahdəniz” yatağının payına düşüb. Bu da 2022-ci ilin 9 ayının göstəriciləri ilə müqayisədə AÇG üzrə 1,9 milyon ton və ya 12,34 % azdır. “Şahdəniz” yatağı üzrə hasilatın həcmi isə ötən illə eyni səviyyədədir.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 5,8 milyon ton təşkil edib ki, bu da ötən ilin 9 ayının dövrü ilə müqayisədə eyni səviyyədədir.
Qeyd edək ki, "Abşeron" yatağı isə Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir.
"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında "Abşeron" yatağı üzrə kontrakt imzalanıb. 2011-ci ilin sentyabrında "Total" şirkəti "Abşeron" yatağında böyük qaz ehtiyatlarının kəşf edildiyi barədə məlumat yayıb.
Bu ilin iyul ayında yataqda hasilata başıanılıb, avqustun 4-də isə SOCAR, Fransanın “TotalEnergies” şirkəti və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) arasında "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının satışına dair Saziş imzalanıb.
Satınalma tamamlandıqdan sonra ADNOC şirkəti "Abşeron" qaz-kondensat yatağında 30 % iştirak payı əldə edəcək, SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları isə, müvafiq olaraq 35 % təşkil edəcək.
Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub.
Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.