BP uşaqların tərbiyəsi ilə bağlı ensiklopedik tövsiyələr kitabı təqdim edib

BP uşaqların tərbiyəsi ilə bağlı ensiklopedik tövsiyələr kitabı təqdim edib layihə BP və tərəfdaşlarının təhsilin inkişafına, bütün səviyyələrdə yerli potensialın və bacarıqların gücləndirilməsinə dəstəyi çərçivəsində maliyyələşdirilib
Energetika
24 Fevral , 2021 14:52
BP uşaqların tərbiyəsi ilə bağlı ensiklopedik tövsiyələr kitabı təqdim edib

Bu gün BP və onun “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları uşaqların tərbiyəsinin, valideynlərin uşaq böyütməsinin və ümumilikdə məktəbəqədər təhsilin təməl prinsiplərini əhatə edən ensiklopedik tövsiyələr kitabını ictimaiyyətə təqdim edib.

“Report”un “BP-Azerbaijan” şirkətinə istinadən verdiyi məlumata görə, bu layihə BP və tərəfdaşlarının təhsilin inkişafına və bütün səviyyələrdə yerli potensialın və bacarıqların gücləndirilməsinə dəstəyi çərçivəsində maliyyələşdirilib.

“Ömrün uğurlu bünövrəsi” kitabı uşaqların tərbiyəsində ən effektiv beynəlxalq təcrübələri, üsulları, modelləri və prinsipləri araşdırıb onların arasından ən yaxşılarını körpə çağından altı yaşadək uşaqların fiziki, emosional, sosial və intellektual inkişafına aid milli ideyalar, metodlar, təcrübələr və ənənələrə uyğunlaşdırmaqla və birləşdirməklə Azərbaycana gətirən ilk bu tip nəşrdir.

Kitab valideynlərin, pedaqoqların və müəllimlərin uşaqların tərbiyəsi ilə bağlı gündəlik fəaliyyətlərinə bələdçilik etməklə onların ən son araşdırmaların nəticələrindən istifadə etməsinə, beynəlxalq və milli miqyasda məlum olan qabaqcıl təcrübələrdən faydalanmasına yardım edir. Bu, sağlam cəmiyyətin və sağlam gələcəyin bünövrəsində sağlam təhsilin önəmini vurğulamaqla elmi araşdırmalara və təcrübəyə əsaslanan bir kitabdır.

Kitab Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi müvafiq dövlət qurumlarını, məktəblər və bağçaları, habelə bir sıra özəl təşkilatları təmsil edən geniş ekspertlər qrupu tərəfindən hazırlanıb.

BP-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, ötən 28 il ərzində biz tərəfdaşları ilə birlikdə çox sayda uğurlu layihələr vasitəsilə məktəb və universitetlər səviyyəsində təhsilə dəstək verib: “Lakin, təhsil uşağın dünyaya gəldiyi gündən başlayır və uşağın tərbiyəsində və inkişafında istifadə edilən metodlar, nəzəriyyələr və təcrübələrin sayı xalqların və hətta ailələrin sayı qədər çoxdur. Biz çox şadıq ki, uşaqların tərbiyəsində və valideynlərin uşaq böyütməsində alimlərə və pedaqoqlara məlum olan ən yaxşı biliklər indi artıq bir əsaslı tövsiyələr kitabında birləşdirilib və həm də kitab uşaqların tərbiyəsində və təhsilində istər valideyn, istərsə də mütəxəssis kimi iştirak edən hər bir kəs üçün sadə və aydın dildə yazılıb. Mən deyərdim ki, bu, uşaqların tərbiyəsinin elmi əsaslarını və praktikasını birləşdirən bir kitabdır və öz fundamental məzmun və həcminə görə Azərbaycan dilində hazırlanmış ilk bu növ nəşrdir. İnanırıq ki, böyük bir mütəxəssis qrupu tərəfindən hazırlanmış bu kitab geniş şəkildə istifadə ediləcək və ölkədə məktəbəqədər təhsil sahəsində elm və təcrübənin daha da inkişaf etməsinə töhfə olacaq.”

Layihənin dəyəri 80 200 AZN-dir.

Layihənin icrasını təhsil layihələrində ixtisaslaşmış yerli şirkət “Azedu” həyata keçirib.

Son xəbərlər

Orphus sistemi