​BP şirkətinin Regional Prezidenti Qordon Birrell Bakı Ali Neft Məktəbində olub

​BP şirkətinin Regional Prezidenti Qordon Birrell Bakı Ali Neft Məktəbində olub 2013-cü ilin noyabr ayında BANM və BP şirkəti arasında əməkdaşlıq haqqında razılaşma əldə olunub
Energetika
9 Dekabr , 2014 12:57
​BP şirkətinin Regional Prezidenti Qordon Birrell Bakı Ali Neft Məktəbində olub
Bakı. 9 dekabr. REPORT.AZ/ Dekabrın 8-də BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional Prezidenti Qordon Birrell Bakı Ali Neft Məktəbində olub. Bu barədə "Report"a BANM-in mətbuat xidmətindən məlumat verilib.

Tədbiri açan rektor Elmar Qasımov tələbələrə Qordon Birellin fəaliyyəti haqqında qısa məlumat verərək, onun neft mühəndisliyi sahəsində uzun illər çalışdığını və 2012-ci ildən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional Prezidenti təyin olunduğunu deyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizin neft sənayesinin inkişafındakı xidmətlərinə görə, o cümlədən “Əsrin müqaviləsi”nin 20 illiyi ilə əlaqədar olaraq Q.Birellin “Dostluq” ordeni ilə təltif edildiyini vurğuladı və bu münasibətlə qonağı təbrik edib.

Rektor E.Qasımov Azərbaycanda neft-qaz sənayesinin inkişafından söz açıb. O, Azərbaycanın neft strategiyasındakı mövcud perspektiv imkanları gənclərin BANM-ə marağını artırdığını, rəhbərlik etdiyi ali təhsil müəssisəsində ingilisdilli yüksək səviyyəli mütəxəssislərin hazırlanmasının Azərbaycanın neft-qaz sektorunun inkişafında prioritet istiqamət olduğunu bildirib. Onun sözlərinə görə, buna misal Bakı Ali Neft Məktəbinin yaradılması, xarici neft-qaz şirkətləri ilə əməkdaşlığın inkişafı və peşəkar mütəxəssislərin BANM-də tədris prosesinə cəlb edilməsidir.

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional Prezidenti Qordon Birrell BANM-in tələbələri üçün “20 illik uğurlu neft yolu" mövzusunda təqdimatla çıxış edib. Təqdimatda BP şirkətinin Azərbayandakı 20 illik fəaliyyətindən, “Əsrin müqaviləsi”nin imzalanmasından sonrakı dövrdə Azərbaycanın neft-qaz sənayesinin inkişafında əldə olunan böyük uğurlardan, Azərbaycanın beynəlxalq layihələrdəki rolundan, bu layihələrin icrasına cəlb etmək üçün ixtisaslı mütəxəssislərə ehtiyac yaranmasından və bu sahədə görülən işlərdən, Bakı-Tbilisi-Ceyhan layihəsinin iqtisadi önəmindən və ölkədə həyata keçirilən uğurlu neft strategiyasından bəhs edilib. Qordon Birrell həmçinin, BP şirkətində gənclər üçün yaradılan təlim və karyera imkanları barəsində danışıb.

Sonra o, tələbələri maraqlandıran sualları cavablandırıb. Tədbirin sonunda BANM-in rektoru Elmar Qasımov tələbələr qarşısında çıxışına görə qonağa təşəkkür edib və onu BANM-in “Fəxri qonaq” diplomu ilə təltif edib.

Xatırladaq ki, 2013-cü ilin noyabr ayında BANM və BP şirkəti arasında əməkdaşlıq haqqında razılaşma əldə olunub.

Son xəbərlər

Orphus sistemi