BP: "Cənub Qaz Dəhlizi" vaxtında və büdcə daxilində icra olunur

BP: "Cənub Qaz Dəhlizi" vaxtında və büdcə daxilində icra olunur Layihənin dəyərinin 1/3-i qədər müqavilələr imzalanıb
Energetika
12 May , 2016 16:29
BP: Cənub Qaz Dəhlizi vaxtında və büdcə daxilində icra olunur

Bakı. 12 may. REPORT.AZ/ "Cənub Qaz Dəhlizi" layihəsi qrafikə uyğun və planlaşdırılmış büdcə ilə icra olunur". "Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BP şirkətinin Böyük Britaniya üzrə ölkə rəhbəri və Avropa üzrə vitse-prezidenti Piter Meser (Peter Mather) Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) tədbirində bildirib.

"Bu layihə təxminən 45 mlrd. dollar dəyərindədir və onun 1/3-i qədər müqavilələr imzalamışıq. Bu layihə cədvələ və büdcəyə uyğun irəliləyir", - deyə BP rəsmisi qeyd edib.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın 3 500 km məsafə qət edərək Avropaya nəqlini nəzərə tutan layihədir. 

"Cənub Qaz Dəhlizi" üç boru kəmərindən ibarətdir: Cənubi Qafqaz Boru Kəməri (CQBK, Azərbaycan və Gürcüstan ərazisi), Trans-Anadolu Boru Kəməri (TANAP, Türkiyə ərazisi), Trans-Adriatik Boru Kəməri (TAP, Yunanıstan, Albaniya, İtaliya). Avropanın enerji resurslarının şaxələndirilməsində mühüm rol oynayan "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində ilkin mərhələdə 16 mlrd. kubmetr qaz nəqli nəzərdə tutulur. Bu həcmin 6 mlrd. kubmetri Türkiyəyə, qalan 10 mlrd. kubmetri isə Avropaya ötürüləcək. İlk qazın 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılması gözlənilir.

Son xəbərlər

Orphus sistemi