BP bu il Azərbaycanda iki dəniz platformasını profilaktik işlərə dayandıracaq
- 17 fevral, 2022
- 09:53
Dənizdə iki böyük layihənin operatoru olan “BP Azerbaijan” şirkəti iki platformada təmir və profilaktika işləri aparacaq.
Bu barədə “Report”a şirkətdən bildiriblər.
Məlumata görə, “Azəri-Çıraq-Günəşli” neft yatağındakı "Şərqi Azəri" platforması və “Şahdəniz” qaz-kondensat yatağında yerləşən “Şahdəniz Alfa” platformasında planlı cari təmir həyata keçiriləcək.
“Təmir işləri zamanı hasilat tamamilə dayandırılacaq”, - şirkətdən bildiriblər. Əlavə olunub ki, işlərin aparılacağı tarix hələ dəqiqləşdirilməyib.
Əvvəlki illərdə olduğu kimi, təmir xərcləri və platformaların işləmədiyi zaman hasilatın azalması bu ilin büdcəsinə və neft, qaz və kondensat hasilatı ilə bağlı planına daxil edilib.
Qeyd edək ki, 2021-ci ildə AÇG-nin illik iş proqramı çərçivəsində iki platformada planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib – ikinci rübdə “Qərbi Azəri”də və üçüncü rübdə “Çıraq” platformasında.
Ötən ildə AÇG-dən ümumi neft hasilatı 167 milyon barel, yəni 23 milyon ton olub, bundan 76 min bareli “Şərqi Azəri” platformasından hasil edilib.
İlin sonunda AÇG-də ümumilikdə 135 neft hasilat quyusu, 29 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
Qeyd edək ki, 2021-ci ildə “Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) imzalanmasının 25-ci ildönümü qeyd olundu. HPBS 4 iyun 1996-cı il tarixində SOCAR-la xarici şirkətlərin konsorsiumu arasında imzalanmışdır. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minib.
2021-ci il ərzində “Şahdəniz” yatağından ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 23 milyard standart kubmetr qaz və 4 milyon ton (təqribən 34 milyon barel) kondensat hasil edilib. Bu il təmir işləri aparılacaq “Şahdəniz Alfa” platformasından 2021-ci ildə quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.