BP bu il AÇG blokunda platformaların dayandırılmasını planlaşdırmır
- 06 mart, 2025
- 10:21
BP şirkəti 2025-ci ildə texniki xidmət üçün “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda platformaları dayandırmağı planlaşdırmır.
Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin mətbuat katibi Tamam Bayatlıya istinadən xəbər verir.
"Bu il platformalardan heç biri dayandırılmayacaq", - T.Bayatlı jurnalistlərə bildirib.
Ötən il şirkət "Dərinsulu Günəşli" platformasını 15 günlük profilaktik işlər üçün dayandırıb. Belə proqramlar planlı şəkildə həyata keçirilir. İllik iş proqramına və illik büdcəyə daxil edilir.
"Cari il üçün platformaların dayandırılmasını planlaşdırmamışıq", - T. Bayatlı bildirib.
Qeyd edək ki, 2024-cü ildə AÇG blokundan 16 milyon ton (11,1 % az) neft hasil edilib.
2024-cü ildə gündəlik orta neft hasilatı 342 min barel (əvvəlki il - 363 min barel) təşkil edib. "Çıraq" platformasından gündəlik orta hesabla 23 min barel hasil edilib ki, bu da 2023-cü ilin səviyyəsinə uyğundur.
"Mərkəzi Azəri" platformasndan - sutkada 97 min barel (2023-cü ildə - sutkada 96 min barel), "Qərbi Azəri"dən - sutkada 75 min barel (sutkada 86 min barel), "Şərqi Azəri"dən - sutkada 51 min barel (sutkada 58 min barel), "Dərinsulu Günəşli"dən - sutkada 57 min barel (sutkada 67 min barel), "Qərbi Çıraq"dan - sutkada 29 min barel (sutkada 33 min barel), "Mərkəzi Şərqi Azəri"dən - sutkada 10 min barel təşkil edib.
1994-cü ildə “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi üzrə müqavilə imzalanıb. Bu sazişin müddəti 2024-cü ildə başa çatırdı. Lakin 2017-ci ildə AÇG blokunun işlənməsi üzrə 2050-ci ilə qədər nəzərdə tutulmuş yeni müqavilə imzalanıb.
Yeni müqaviləyə əsasən layihədə tərəflərin pay bölgüsü belədir: AÇG-də layihə operatoru olan BP (30,37 %), SOCAR (31,655 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,925 %) pay sahibidir.