BP: “ACE layihəsi üzrə işlər ümumilikdə 80 % tamamlanıb”

Energetika
  • 03 noyabr, 2022
  • 09:35
BP: “ACE layihəsi üzrə işlər ümumilikdə 80 % tamamlanıb”

Bu ilin üçüncü rübünün sonuna Azərbaycan sektorunda yerləşən “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi üzrə işlər ümumilikdə 80 % tamamlanıb.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə bu ilin üçüncü rübü üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Hesabat dövründə ACE platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam edib.

"Qazma modullarının üst tikililər blokuna inteqrasiyası işləri irəliləyib – modullu qazmaya dəstək modulu və qazma avadanlığı dəsti hər ikisi artıq istismar sınaqlarına təhvil verilib, qazma qurğusun sürüşdürülməsi əməliyyatları üzrə istismar sınaqlarına başlanılıb", - məlumatda deyilir.

Bundan əvvəl 2 350 tonluq modullu qazmaya dəstək modulu və çəkisi 2 400 ton olan qazma avadanlığı dəsti təhlükəsiz şəkildə lazım olan hündürlüyə - təxminən 27 metr yüksəkliyə - qaldırılaraq uğurla göyərtənin üzərinə sürüşdürülüb. Bu, çox dəqiqliklə hesablanmış mürəkkəb bir “qaldırma və sürüşdürmə” əməliyyatı idi və bütün dünya üzrə BP-də ilk dəfə idi ki, icra olunurdu.

“BP-Azerbaijan” bildirir ki, üst tikililərin mexaniki tamamlanması işlərinin təhvil verilməsi istismar sınaqlarının yekunlaşmasına ciddi dəstək olaraq irəliləyib: "Ümumilikdə, üst modulların istismar sınaqları 50 % tamamlanıb.

Yaşayış modullarının helikopter meydançası üçün üçüncü tərəfin apardığı sınaq sertifikasiyası başa çatıb. Yaşayış modullarının mexaniki tamamlanması işlərinin təhvil verilməsi qalan yalnız iki hissə ilə yekunlaşacaq".

Hesabata görə, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi tamamlanıb: "Dayaq bloku 2023-cü ilin əvvəlinə planlaşdırılan barjaya yüklənmə əməliyyatına, demək olar ki, hazırdır.

STB-01 daşıma barjasında lazım olan modifikasiya işləri aparılmış və barjanın tələb olunan dərəcə üzrə sertifikasiyası təzələnib. Bundan sonra, barja Bakı Dərin Özüllər Zavoduna gətirilib və orada reaktivasiya və yırğalanmanı azaldan avadanlığın quraşdırılması işləri başlanıb".

Bildirilir ki, ACE layihəsi üçün lazım olan boru xətlərinin bağlanması üzrə bütün işlər bitdikdən sonra “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformaları arasındakı yataqdaxili qaz ixrac boru xətti yenidən işə salınıb.

"Xankəndi" sualti tikinti gəmisi ACE-in neft üçün çıxarıla bilən təcridetmə tıxacı və izolyasiya konstruksiyasını (PRIS/Wye konstruksiyası) dəniz dibində quraşdırmış, bundan sonra isə dalğıc gəmisi neft sistemi sarğaclarının bütün metroloji işlərini tamamlayıb.

"İsrafil Hüseynov" borudüzən gəmisi 16 düymlük sualtı suvurma boru xəttinin inşasını bitirib.

Səngəçal terminalında ACE əməliyyatlarının qurudan idarə olunması üçün aparılan tikinti işləri və bununla bağlı istismar sınaqları bitib və platformanın üst modulları ilə inteqrasiya işlərinə başlanılıb.

ACE layihəsi çərçivəsində həmçinin “Mərkəzi Azəri” platformasında ACE üçün lazım olan sualtı neft ixrac boru kəmərinin birləşdirilməsi işləri də aparılır.

Şirkət ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma fəaliyyətlərinin 2023-cü ildə başa çatması üçün bütün işlər qrafikə uyğun davam etdiyini bildirir.

Son xəbərlər

Bütün Xəbər Lenti