BP 2025-ci ilin əvvəlində AÇG-nin dərin laylarından qaz hasilatına başlamağı planlaşdırır

BP 2025-ci ilin əvvəlində AÇG-nin dərin laylarından qaz hasilatına başlamağı planlaşdırır Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda (AÇG) dərin laylardan təbii qaz hasilatına (“deep-gas”) 2025-ci ilin əvvəlində başlamağı planlaşdırılır.
Energetika
5 İyun , 2024 13:30
BP 2025-ci ilin əvvəlində AÇG-nin dərin laylarından qaz hasilatına başlamağı planlaşdırır

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda (AÇG) dərin laylardan təbii qaz hasilatına (“deep-gas”) 2025-ci ilin əvvəlində başlamağı planlaşdırılır.

“Report” xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bu gün keçirilən Bakı Enerji Forumunda deyib.

“2025-ci ilin əvvəlində biz “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində əsas diqqəti dərin laylardan qaz hasilatına yönəltmək niyyətindəyik”, - o vurğulayıb.

Onun sözlərinə görə, şirkət Azərbaycanın Cəbrayıl rayonunda 240 meqavat gücündə "Şəfəq" günəş elektrik stansiyasının inşası layihəsi üzərində də işləyir.

“Bu layihə azad edilmiş ərazilərin enerji təminatına, “Səngəçal” terminalının məsafədən enerji təchizatına töhfə verməklə yanaşı, elektrik enerjisi istehsalında istifadə olunan təbii qazın artıq istifadə edilməyəcək həcmlərinin Avropaya ixracını da asanlaşdıracaq”, - o vurğulayıb.

Qeyd edək ki, 7 fevral 2023-cü il tarixində AÇG-də istismarda olan neft yatağının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni qiymətləndirmə quyusunun qazılması başlanılıb, aprel ayında quyu tamamlanıb. Hazırda AÇG-nin dərin qaz laylarının potensialını öyrənmək məqsədilə quyudan əldə olunmuş məlumatın təhlili aparılır.

AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Son xəbərlər

Orphus sistemi