BNEZ kükürd istehsalı gücünü artırmaq üçün “yaşıl texnologiyalar” tətbiq edəcək

Energetika
  • 17 sentyabr, 2024
  • 08:55
BNEZ kükürd istehsalı gücünü artırmaq üçün “yaşıl texnologiyalar” tətbiq edəcək

İtaliyanın “NextChem” şirkəti (“Maire Tecnimont” şirkətinə daxildir) “Nextchem Tech” törəmə şirkəti vasitəsilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) modernləşdirilməsi və gücünün artırılması layihəsi çərçivəsində işlərin görülməsi haqqında iki müqavilə bağlayıb.

“Report” bu barədə “Maire” şirkətinin məlumatına istinadən xəbər verir.

Qeyd olunub ki, “NextChem Tech” oksigenlə zənginləşdirilmiş havadan istifadə edilməklə, yəni mövcud kükürd istehsalı gücünü artırmaq üçün iqtisadi cəhətdən səmərəli və çevik həll hesabına kükürdün bərpası üzrə mövcud qurğunun (SRU) modernləşdirilməsi məqsədilə texnoloji qiymətləndirmə aparacaq və texnoloji layihələndirmə paketi təqdim edəcək.

Bundan əlavə, “NextChem Tech” yeni qurğu üçün patentləşdirilmiş "NX SulphuRec TM" texnologiyasına əsaslanan texnoloji layihələndirmə paketi və lisenziya təqdim edəcək.

"Bu həllər emal prosesi zamanı yaranan turş qazların ətraf mühitə təsirini azaltmağa yönəlib", - məlumatda bildirilib.

Qeyd edək ki, BNEZ hazırda genişmiqyaslı modernləşdirmə və yenidənqurma layihəsi həyata keçirir. Zavodun gücü ildə 6,5 milyon ton təşkil edir, modernləşdirmə və yenidənqurma işlərinin yekunları üzrə BNEZ Xəzər regionu ölkələrindən bütün növ neftin emalı üçün nəzərdə tutulacaq. Layihənin 2027-ci ildə tam başa çatdırılması planlaşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti