Bu gün neftin qiymətində vahid dinamika müşahidə olunmayıb.
“Report” “Prime” xəbər saytına istinadən xəbər verir ki, buna səbəb koronavirus pandemiyasının dünya üzrə, xüsusilə Asiyada yaratdığı qeyri-müəyyənlik olub.
Məlumata görə, Bakı vaxtı ilə saat 08:46-da Şimal dənizində hasil olunan “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 0.11% azalaraq 63.13 ABŞ dolları səviyyəsində qərarlaşıb. WTI neftinin may fyuçersləri isə 0.12% bahalaşaraq bir bareli 59.67 dollara satılıb.
Asiyada koronavirusa yoluxmaların sayının artması sərmayədarların bölgə iqtisadiyyatının inkişaf perspektivləri və neftə olan tələbatın yaxşılaşması ilə bağlı narahatlığını artırır. Xüsusi narahatlığa Hindistandakı vəziyyət səbəb olub. Belə ki, bu ölkədə COVID-19-a 13 milyon yoluxma faktı qeydə alınıb. Qeyd edək ki, Hindistan ən böyük xam neft idxalçılarından biridir.
Eyni zamanda, pandemiyadan sonra qlobal iqtisadiyyatın canlanması və böhrandan çıxma gözləntilərinin yaratdığı ümumi bazar nikbinliyi neftin qiymətinin güclü enişinin qarşısını alır. ABŞ və Avropa iqtisadiyyatlarının tədricən böyüməsi də bu müsbət tendensiyaya öz təsirini göstərir.