Bəxtiyar Aslanbəyli: “BTC boru kəməri normal şəkildə işləyir”
- 22 avqust, 2025
- 14:36
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri normal şəkildə işini davam etdirir.
“Report” xəbər verir ki, bunu BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu kəmərlə nəql edilən Azərbaycan neftinin orqanik xloridlərlə çirklənməsi məsələsinin köklü həlli üçün işlər aparılır: “Hazırda vəziyyət stabilləşir, boru kəməri ilə neftin nəql edilməsi davam edir. Boru kəməri normal şəkildə işləyir”.
O qeyd edib ki, məsələ tam aradan qaldırıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək: “Ceyhan terminalından xam neftin tankerlərə yüklənməsi əməliyyatları davam edir. Tankerlərə yüklənən xam neftin keyfiyyətinə təminat məqsədilə hər bir yüklənmə əməliyyatından öncə xam neftin keyfiyyəti yoxlanılır.".
Qeyd edək ki, iyulda bir sıra KİV mənbələrə istinadən bildiririb ki, “Azeri Light” neftinin ayrı-ayrı partiyalarında hasilat həcmini artırmaq üçün istifadə olunan maddələr - üzvi xloridlərin həddindən artıq miqdarı aşkar edilib. İyulun 24-də “BP-Azerbaijan” bildirib ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri boyunca bütün obyektlərdə neftin keyfiyyətinin yoxlanılması xammalın spesifikasiya tələblərinə uyğunluğunu təsdiqləyib. Üzvi xloridlər Türkiyənin Ceyhan limanındakı terminalda bəzi çənlərdə aşkar edilib.