Belçika şirkəti DESFA-da pay almaqda maraqlıdır

Belçika şirkəti DESFA-da pay almaqda maraqlıdır Bu barədə şirkət nümayəndələri Yunanıstanın enerji nazirinə bildiriblər
Energetika
28 Noyabr , 2015 12:08
Belçika şirkəti DESFA-da pay almaqda maraqlıdır

Bakı. 28 noyabr. REPORT.AZ/ Belçikanın "Fluxys" şirkətinin nümayəndələri Yunanıstanın ətraf mühit və energetika naziri Panos Skurletislə görüşüb.

"Report" Yunanıstan KİV-inə istinadən xəbər verir ki, görüşdə şirkət nümayəndələri Yunanıstanın qazpaylayıcı operatoru olan DESFA-nın 66%-nin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) satışı tamamlandıqdan sonra SOCAR-a aid hissədən pay almaq niyyətlərini bəyan ediblər.

Görüşdə yunan nazir ölkəsinin qaz bazarının perspektivlərini və enerji layihələrinin həyata keçirilməsindən sonra Yunanıstanın enerji sahəsində yeni era yaranacağını və ölkənin enerji mərkəzinə çevrilməsində rolunun güclənəcəyini qeyd edib.

Qeyd edək ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaradılması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq DESFA-nın 17%-ni digər şirkətə, yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar.

Artıq İtaliyanın "Snam" və "Infrastrutture Transporto Gas", İspaniyanın "Enagas", Hollandiyanın "Gasunie", Rumıniyanın "Transgaz" şirkətləri DESFA-nın bu səhm zərfinin alınmasına maraq göstərdiyini qeyd edib.

Xatırladaq ki, "Fluxys" həm də Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üçün yaradılan konsorsiumda təmsil olunur. Onun bu layihədə payı 19% təşkil edir.

Son xəbərlər

Orphus sistemi