BEA-nın icraçı direktoru energetika naziri ilə görüşüb

BEA-nın icraçı direktoru energetika naziri ilə görüşüb Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakıda səfərdə olan Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birolun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan energetika naziri Pərviz Şahbazovla görüşüb.
Energetika
12 Sentyabr , 2018 16:20
BEA-nın icraçı direktoru energetika naziri ilə görüşüb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakıda səfərdə olan Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birolun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan energetika naziri Pərviz Şahbazovla görüşüb. 

Bu barədə “Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanla BAE arasında gələcək əməkdaşlıq imkanları və Azərbaycanın enerji sektoru üzrə hədəflərinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib. P.Şahbazov bu səfərin BEA ilə əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib.

Nazir Azərbaycanın qlobal enerji təhlükəsizliyinə neft-qaz layihələri ilə davamlı dəstək verdiyini, “Cənub Qaz Dəhlizi”nin reallaşması ilə Avropada qaz təchizatının mənbə və marşrutlarının şaxələnməsinin, xüsusilə Cənub-Şərqi Avropanın qaz bazarında artan tələbatın ödənilməsinin təmin ediləcəyini deyib. Nazir Xəzərdən təbii qazın birbaşa Avropaya nəqlini mümkünləşdirən bu nəhəng infrastrukturun inşasının ölkədə digər qaz yataqlarının işlənməsinə, həmçinin başqa ölkələrin də qazının bu dəhliz vasitəsilə ixracına imkanlar yaratdığını vurğulayıb.

Azərbaycana səfər dəvətinə görə təşəkkürünü bildirən F.Birol isə deyib ki, qlobal enerji təhlükəsizliyində Azərbaycan mühüm rol oynayır. “Cənub Qaz Dəhlizi” Avropa İttifaqının enerji təhlükəsizliyi ilə bağlı strateji maraqlarına cavab verən layihə kimi qəbul olunur.

Söhbət zamanı F.Birol Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində planları ilə maraqlanıb. Müvafiq layihələr üzrə əməkdaşlıq niyyətini və tövsiyələrini diqqətə çatdırıb.

Elektroenergetika sektorunda həyata keçirilən islahatlar barədə ətraflı məlumat verən energetika naziri bildirib ki, enerji səmərəliliyinə, bərpa edilən enerji mənbələrinin elektrik enerjisi istehsalında payının artmasına nail olmaq, özəl sektorun bu sahədə iştirakını təmin etmək və elektrik enerjisi bazarını formalaşdırmaq əsas prioritetlərdəndir. Bu istiqamətdə hazırlanmış yeni qanunvericilik bazası əlverişli mühitin yaradılmasına, bərpa olunan enerjinin enerji istehlakında çəkisinin artmasına və nəticədə ölkəmizin daha çox karbohidrogen ixracına yol açacaq.

Sonra F.Birolun “Qlobal enerji perspektivləri və onların Azərbaycan üçün nəticələri” mövzusunda təqdimatı dinlənilib. Agentliyin dünya neft və qaz bazarının inkişaf tendensiyalarına dair təhlilləri və proqnozlarına dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, qarşıdakı illərdə neft, qaz və neft-kimya məhsullarına qlobal tələbat artmaqda davam edəcək. Azərbaycanın enerji ölkəsi kimi inkişafında neft-qaz resursları əhəmiyyətli mövqeyini qoruyub saxlayacaq. Enerjiyə tələbatın ödənilməsində ölkəmiz vacib rol oynayacaq. “Cənub Qaz Dəhlizi” vasitəsilə Azərbaycan Avropanın qaz və diversifikasiya ehtiyacının azalmasına mühüm təsir göstərəcəkdir. Upstream sektorunda yeni layihələrə başlanılması üçün investisiyalara zərurət yaranacağı, neft-kimya, bərpa olunan enerji sahəsində Azərbaycanın böyük potensialının olduğu və bu imkanların reallaşdırılması üçün BEA-nın dəstəyi qeyd edilib.

F.Birolun səfərinin yekunları ilə bağlı brifinq də keçirilib və jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi