Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda "Gələcəyin enerji imkanları və çağırışlar" adlı beynəlxalq konfrans işə başlayıb.
"Report" xəbər verir ki, tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Osman Aşkın Bak Trans Anadolu Qaz Boru Kəməri (TANAP) barədə danışıb.
"TANAP Türkiyə və Azərbaycan üçün strateji layihədir və iki ölkənin siyasi iradəsi hesabına həyata keçirilib. Enerji sektorunda əməkdaşlığın genişləndirilməsi üçün bu layihə olduqca önəmlidir. TANAP Türkiyə və Azərbaycan liderlərinin birgə həyata keçirdiyi tək layihə deyil. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihələri də birgə səylərin bariz nümunəsidir. Türkiyə və Azərbaycan qədər dünyada bir-birinə yaxın dövlətlər yoxdur", - o qeyd edib.
Türkiyəli qonaq Azərbaycanın sərmayəsi ilə Türkiyədə STAR Neft Emalı Zavodunun inşasının da uğurla davam etdiyini vurğulayıb.