Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Türkiyəyə ixrac edilən qazın həcmi açıqlanıb
- 03 iyul, 2024
- 08:22
Bugünədək Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) vasitəsilə 79 milyard kubmetrdən çox qaz Türkiyəyə ixrac olunub.
Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.
Bu ilin birinci rübündə boru kəmərinin gündəlik orta ötürücülük gücü 61,7 milyon kubmetr təşkil edib.
Qeyd edək ki, Bakı-Tbilisi-Ərzurum qaz kəməri 2006-cı ilin sonunda istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə "Şahdəniz-1" qazını çatdırır. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Kəmər “Şahdəniz" qaz-kondensat yatağının kəşf olunmasından sonra bu layihə çərçivəsində hasil edilən təbii qazın Türkiyə bazarına nəql olunması üçün inşa edilib.
Bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.
Boru kəmərinin ümumi uzunluğu 691 km-dir. Bunun 443 km-i Azərbaycan, 248 km-i Gürcüstandadır. Kəmərin diametri isə 42 düymdür. Kəmərin son çatdırılma nöqtəsi Gürcüstan-Türkiyə sərhədində yerləşir. Türkiyə ərazisində (Ərzurumadək) isə qaz kəmərinin uzunluğu 280 km təşkil edir. Kəmərin Gürcüstan-Türkiyə sərhədindən Ərzuruma qədər olan hissəsi BOTAŞ şirkətinin qaz kəmər sisteminin bir hissəsi hesab edilir.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBK) sərmayədarları BP (operator – 29,99 %), Cənub Qaz Dəhlizi (21,02 %), “Lukoil” (19,99 %), TPAO (19 %) və NİKO (10 %) şirkətləridir.