Bakı-Ərzurum kəməri ilə bu il 6 mlrd. kubmetr qaz nəql olunub

Bakı-Ərzurum kəməri ilə bu il 6 mlrd. kubmetr qaz nəql olunub Bu ilin 11 ayında Azərbaycanda magistral kəmərlərlə 19,2 mlrd. kubmetr qaz nəql edilib
Energetika
17 Dekabr , 2015 12:00
Bakı-Ərzurum kəməri ilə bu il 6 mlrd. kubmetr qaz nəql olunub

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda magistral qaz kəmərləri ilə 19,2 mlrd. kubmetr qaz nəql edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən bu sahədə 2,4% azalma müşahidə olunub.

Qazın nəqlinin 31,3%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 6 mlrd. kubmetr qaz ötürülüb.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz yatağından hasil edilən qazı Gürcüstana və Türkiyəyə nəql etmək üçün inşa edilmiş kəmərdir.

Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.

Boru kəmərinin ümumi uzunluğu 691 km-dir. Bunun 443 km-i Azərbaycan, 248 km-i Gürcüstandadır. Kəmərin diametri isə 42 düymdür. Kəmərin son çatdırılma nöqtəsi Gürcüstan-Türkiyə sərhədində yerləşir. Türkiyə ərazisində (Ərzurumadək) isə qaz kəmərinin uzunluğu 280 km təşkil edir. Kəmərin Gürcüstan-Türkiyə sərhədindən Ərzuruma qədər olan hissəsi BOTAŞ şirkətinin qaz kəmər sisteminin bir hissəsi hesab edilir.

Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə "Şahdəniz-1" qazını çatdırır.

Son xəbərlər

Orphus sistemi