Bakı-Tbilisi-Ceyhan kəmərinin əhəmiyyəti artır

Bakı-Tbilisi-Ceyhan kəmərinin əhəmiyyəti artır “SOCAR Trading SA” şirkəti Türkmənistan neftinin alınmasına dair yeni müqavilə imzalayıb
Energetika
29 Yanvar , 2016 15:27
Bakı-Tbilisi-Ceyhan kəmərinin əhəmiyyəti artır

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan “SOCAR Trading SA” şirkəti Türkmənistan neftinin alınması üzrə yeni müqavilə imzalayıb.

Şirkətdən "Report"a bildiriblər ki, bunun nəticəsində Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql olunan Türkmənistan neftinin illik həcmi artaraq 3 mln. tona çatdırılacaq.

Qeyd edək ki, Türkmənistan neftinin BTC ilə nəqli "SOCAR Trading" və "Dragon oil" şirkətləri arasında bağlanan müqavilə çərçivəsində həyata keçirilir. Türkmənistan neftinin nəqlinə 2010-cu ildən başlanılıb. Təkcə ötən ilin dekabr ayında BTC kəməri ilə 316 340 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub. Ümumiyyətlə, 2015-ci il ərzində BTC kəməri ilə nəql olunmuş Qazaxıstan və Türkmənistan neftinin həcmi isə 5,2 mln. ton təşkil edib.

“SOCAR Trading”in Türkmənistan neftinin nəqlinə dair imzaladığı müqaviləyə görə, tranzitin Azərbaycandan aparılması nəticəsində Azərbaycan Dəniz Gəmiçiliyi ildə təxminən 36 mln. ABŞ dolları, "Azərtrans" terminalı təxminən 20 mln. dollar, "BTC Co." şirkəti isə təxminən 100 mln. dollar həcmində gəlir əldə edəcək.

Digər hesablamalara görə, bu tranzit həcminin 5 il (2016-2020) ərzində ölkə ərazisindən keçməsi nəticəsində "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından həmin qeyd olunan 5 il ərzində ötürüləcək 981 mln. barel Azərbaycan neftinin tranzit xərcləri orta hesabla 44 sent ucuzlaşır. Belə ki, 2016-cı ildə hər barelə görə 28 sent, 2017-2018-ci illərdə 55 sent, 2019-cu ildə 45 sent, 2020-ci ildə 51 sent, 2021-ci ildə 35 sent az tranzit xərci ödəniləcək. AÇG tərəfdaşları üçün tarifin aşağı düşməsi "SOCAR Trading" tərəfindən neftin nəqli üçün edilən ödənişə görə mümkün olur.

Beləliklə, Bakı-Tbilisi-Ceyhan xətti ilə digər ölkələrin xammalının nəql olunması Azərbaycan neftinin nəqletmə xərclərini azaldır, onun satış həcmini artırır. Göründüyü kimi, Türkmənistan neftinin BTC ilə ötürülməsinin həcminin artırılması bu kəmərin əhəmiyyətini daha da artırır.

Nəzərə alsaq ki, BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 mln. bareldir və kəmərin istismar müddəti 40 il nəzərdə tutulub, təkcə xammalın nəqlinə görə Azərbaycan və onun tərəfdaşlarının əldə edəcəyi xeyir kifayət qədər böyükdür.

Xatırladaq ki, Bakı-Tbilisi-Ceyhan (BTC) Əsas İxrac Boru Kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayıb Azərbaycandan, Gürcüstandan və Türkiyədən keçərək Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalınadək uzanır. Neft buradan Aralıq dənizi vasitəsilə Avropa bazarına nəql olunur. BTC-nin uzunluğu 1 768 km-dir: Azərbaycandan (443 km), Gürcüstandan (249 km) və Türkiyədən (1076 km) keçir.

Hazırda BTC kəməri ilə əsasən "Azəri-Çıraq Günəşli" yataqlarından hasil edilən neft və "Şahdəniz" yatağından hasil olunan kondensat nəql edilir.

Son xəbərlər

Orphus sistemi