Yuxarı

“Azneft” İB-də informasiya texnologiyalarının tətbiqi ilə bağlı iclas keçirilib

İclasda SAP proqramının və onun müxtəlif modullarının tətbiqi üzrə əldə olunmuş təcrübədən danışılıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft“ İstehsalat Birliyində SAP ERP sisteminin istehsalat modulu olan SAP UOM-un istifadəsinin genişləndirilməsinə həsr olunmuş iclas keçirilib. 

Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qurumun baş direktoru Daşqın İskəndərov layihənin məqsəd və əhəmiyyətindən bəhs edib, iqtisadi idarəetmə sistemində maliyyə və uçot məsələlərinin, sənəd dövriyyəsi və istehsalı sahəsində idarəetmənin, texnoloji proseslərə nəzarətin, eləcə də texnoloji məsələlərin avtomatlaşdırılmış sistemlərinin yaradılması işlərinin həyata keçirilməsindən danışıb.

Onun sözlərinə görə, son illər Azərbaycan neft sənayesinin maddi-texniki bazası gücləndirilib, mütərəqqi texnologiyaların, o cümlədən müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi geniş vüsət alıb.

İclasda SAP proqramının və onun müxtəlif modullarının tətbiqi üzrə əldə olunmuş təcrübədən danışılıb, qeyd olunub ki, Birlik üzrə SAP ERP sisteminin PS, PM, HR, Fİ, MM/SD, CO, CO_PA modulları eləcə də, SAP UOM modulunun tətbiq edilməsində əsas məqsəd avtomatlaşdırma yolu ilə quyu əməliyyatlarına operativ nəzarət edilməsidir.

SAP UOM modulunun “28 MAY” və “Bibiheybətneft” Neft və Qazçıxarma idarələrində tətbiqi haqqında məlumat verilib, Birlik üzrə insan resurslarının idarə olunması və uçotunun aparılması məqsədi ilə SAP ERP sisteminin HR modulunun tətbiqi barədə müzakirələr aparılıb, bu sistemin modullar üzrə yeniliklərin tədrisi ilə əlaqədar təlimlərin keçirilməsi qərara alınıb, aidiyyəti mütəxəssislərə müvafiq tapşırıqlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi