Son 24 saatda Azərbaycanın elektrik enerjisi təchizatı sistemində uzunmüddətli və böyükmiqyaslı qəza baş verməyib.
Bu barədə “Report”a “Azərişıq” ASC-dən bildirilib.
Məlumata görə, son sutka ərzində baş vermiş qəzalar lokal xarakter daşıyıb.
"Qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar “Azərişıq” gücləndirilmiş iş rejimində çalışır. Baş verə biləcək qəzaların aradan qaldırılması üçün əlavə texnika və mal-material ayrılıb. Mövcud hava şəraiti ilə əlaqədar ölkə ərazisində bir neçə yerdə lokal xarakterli qəzalar baş verib və tez bir zamanda əməkdaşlarımız həmin qəzaları aradan qaldırıb. Hazırda ölkə ərazisində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təmin edilib. Abonentlərdən xahiş edirik ki, baş verən hansısa qəza və kəsinti halları ilə əlaqədar 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlayıb məlumat versinlər”, - deyə səhmdar cəmiyyəti bəyan edib.
Qurumdan həmçinin Xırdalan şəhəri ərazisində minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobilin transformatora çırpıldığı və qəzanın nəticəsinin tez bir zamanda aradan qaldırıldığı bildirilib.