"Azərikimya"da modernizasiya və yenidənqurma işləri nə yerdədir?

"Azərikimya"da modernizasiya və yenidənqurma işləri nə yerdədir? Modernizasiya və yenidənqurma layihələri başa çatdıqdan sonra əsas məhsullar üzrə faktiki istehsal iki dəfə, bəzi məhsullar üzrə üç dəfə artacaq, zavodun istismar dövrü ən azı 20 il uzadılacaq
Energetika
11 Sentyabr , 2020 14:08
Azərikimyada modernizasiya və yenidənqurma işləri nə yerdədir?

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun “EP-300” qurğusunda aparılan və artıq yekun fazasında olan modernizasiya və yenidənqurma işləri sürətlə davam etdirilir.

“Report”un “Azərikimya”ya istinadən verdiyi məlumata görə, SOCAR prezidenti Rövnəq Abdullayev Sumqayıt şəhərində yerləşən “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda olub.

SOCAR rəhbəri “Azərikimya” İB-nin “EP-300” qurğusunda artıq yekun fazasına daxil olan modernizasiya və yenidənqurma işlərinin, eləcə də zavodda aparılan əsaslı təmir işlərinin gedişi ilə yerində tanış olub, öz tapşırıqlarını verib.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramına” əsasən, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” Layihəsi çərçivəsində inşa edilmiş yeni polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı qurğularının dayanıqlı olaraq müvafiq keyfiyyət və kəmiyyət göstəricilərinə uyğun xammallar və enerjidaşıyıcılarla təmin edilməsi məqsədi ilə “Azərikimya” İB-nin “EP-300” qurğusunda daha çox məqsədli məhsullar (etilen və propilen) əlavə olunması üçün mərhələlərlə modernizasiya və yenidənqurma işlərinə başlanılmış və hal-hazırda sözügedən layihə yekun fazasına daxil olub.

Layihənin icrasına lisenziar və baş podratçı qismində sənayə liderlərindən olan “Technip” şirkətinin İtaliya ofisinin cəlb edilməsi ilə 2016-cı ildə başlanılıb.

Modernizasiya layihəsinin əsas məqsədlərindən biri Sumqayıt Kimya Sənaye Parkında inşa olunmuş yeni “SOCAR Polymer” kompleksinin zavodlarını dayanıqlı rejimdə və lazımlı miqdarda etilen, propilen, saf hidrogen və enerji daşıyıcıları ilə təmin etməkdir. SOCAR-ın “Azərikimya” İB-də istehsal üçün istifadə olunan xammallar birbaşa SOCAR-ın digər müəssisəsindən - Heydər Əliyev adına Neft Emalı Zavodundan təchiz edilir. Beləliklə, Sumqayıtdakı “Azərikimya” İB-nin Etilen-polietilen zavodu SOCAR-ın dəyər zəncirinin mərkəzində qərarlaşır və xam neftin çıxarılmasından polimerlərin istehsalına qədər uzanan zəncirin əsas və ən önəmli həlqələrindən birini təşkil edir.

Modernizasiya və yenidənqurma layihələri başa çatdıqdan sonra “Azərikimya” İB-də əsas məhsullar üzrə faktiki istehsal iki dəfə, bəzi məhsullar üzrə üç dəfə artacaq, zavodun istismar dövrü ən azı 20 il uzadılacaq, mövcud qurğuların etibarlılığı və səmərəliliyi artırılacaq və müasir standartlara cavab verən yüksək keyfiyyətli və rəqabətədavamlı məhsulların istehsalı üçün təminat yaranacaq.

Layihə çərçivəsində (1-ci faza) “Azərikimya” İB-də yeni 4 ədəd piroliz sobası, quru qazın təmizlənməsi qurğusu, etilen və propilen saxlama anbarları, hidrogenin alınması və zənginləşdirilməsi və PPF-in təmizlənməsi qurğuları tikilib, bir sıra mövcud qurğu və avadanlıq əsaslı şəkildə rekonstruksiya olunub, zavodda yeni avtomatika-idarəetmə sistemi tətbiq edilib.

Layihəyə 50-dən çox beynəlxalq və yerli şirkət əsas avadanlıq və material təchizatçısı qismində cəlb edilib.

Layihədə çalışan işçilərin ortalama sayı sutkada 2 000 nəfər olub ki, bunların 95% -ə qədəri yerli mütəxəssislərdir.

5 avqust 2020-ci il tarixdən “Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun “EP-300” qurğusunun yeni konfiqurasiyada istismara verilməsi məqsədilə zavodun fəaliyyətinin planlı dayanması baş verib. Bu dayanma zamanı yenidənqurma və modernizasiya layihəsi çərçivəsində bütün tikinti-quraşdırma işlərinin tamamlanması və sazlama işlərinin aparılması gözlənilir. Bu ilin oktyabr ayında zavodun istehsalat fəaliyyəti bərpa olunandan dərhal sonra yeni qurğuların mərhələli şəkildə istismara verilməsi, beləliklə də 2020-ci ilin 4-cü rübündə cari layihənin tam olaraq başa çatdırılması nəzərdə tutulur.

Etilen-polietilen zavodunda həyata keçirilən digər önəmli layihələr:

- Buxar Turbogenerator qurğusunda layihə gücünün 32 Mvt/saatdan 65 Mvt/saata çatdırılmasıdır. Bunun üçün əlavə turbogenerator quraşdırılır və mövcud texnoloji sistem təkmilləşdirilir. Həmçinin “Azərikimya” İB-nin daxili imkanları hesabına mövcud köhnə yüksək gərginlikli yarımstansiya "Etilen-polietilen" zavodunun ərazisinə köçürülərək tam olaraq yenidən qurulur.

Layihə başa çatdıqdan sonra “Azərikimya” İB-nin Sumqayıt Elektrik Şəbəkəsindən aldığı 32 Mvt/saat elektrik enerjisinə olan tələbatı («EP-300” və “Polimir-120” qurğularında) tam olaraq qarşılanacaq, qurğunun istehsal etdiyi izafi 33 Mvt/saat elektrik enerjisi şəbəkə vasitəsilə SOCAR-ın digər müəssisələrinə, eləcə də Sumqayıt şəhərinin digər elektrik enerjisi təlabatçılarına ötürülməsi imkanını yaradacaq.

Hazırda layihə üzrə işlərin 65%-i icra olunub və onun tam olaraq 2021-ci ilin 2-ci rübündə yekunlaşması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi