“Azərikimya” İstehsalat Birliyində Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maninqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
“Report” xəbər verir ki, görüşdə “Azərikimya” İB-nin baş direktoru İmran Arzumanzadə “Azərikimya”nın istehsalat sahələrində aparılan yenidənqurma və modernizasiya işləri və perspektiv layihələr haqqında məlumat verib.
Görüşdə qeyd olunub ki, “Azərikimya” İB-də həyata keçirilən layihələrdən biri də Etilen-polietilen zavodunda Buxar Generator Kompleksinin enerji effektivliyinin və gücünün artırılmasıdır. SOCAR-ın Almaniyanın UNİPER şirkəti ilə təsis etdiyi birgə müəssisəsi hazırda yeni Buxar Turbogenerator qurğusunu inşa edir.
Layihənin məqsədi Etilen-Polietilen zavodunun Buxar Generator Kompleksinin mövcud 32 Mvt.saat (faktiki 13 Mvt.saat) layihə gücünün 65 Mvt.saat layihə gücünə çatdıraraq, təxminən, 5 dəfə artırmaqdır. Bunun üçün əlavə turbogenerator quraşdırılacaq və mövcud texnoloji sistem təkmilləşdiriləcək. Gələn il layihə başa çatdıqdan sonra yeni Buxar Generator Kompleksi 65 mvt.saat gücündə çalışacaq ki, bu da “Azərikimya” İB-nin elektrik enerjisinə olan tələbatını tam ödəyəcək və Sumqayıt Elektrik Şəbəkəsindən əlavə enerji götürməyə ehtiyac qalmayacaq. Üstəlik, izafi qalan 35 mvt.saat elektrik enerjisi şəbəkə vasitəsilə SOCAR-ın digər müəssisələrinə və eləcə də Sumqayıt şəhərinin digər elektrik enerjisi təlabatçılarına ötürülə bilər.
Görüşdən sonra qonaqlar üçün “Azərikimya” İB-nin Etilen-polietilen zavoduna baxış təşkil olunub, həyata keçirilən modernizasiya layihələrinin gedişatı, o cümlədən Buxar Turbogenerator qurğusunun tikintisi ilə yerindəcə tanış olunub.