“Azərenerji” SES-lərdə elektrik enerjisinin istehsalını 60 % artırıb
- 23 aprel, 2024
- 09:22
Bu ilin yanvar-mart aylarında “Azərenerji” ASC üzrə 6 milyard 371 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Bu barədə “Report” Energetika Nazirliyinin 2024-cü ilin I rübü üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 672,4 milyon kVt/saat və ya 9,5 % azdır.
“Azərenerji” tərəfindən istehsal edilən elektrik enerjisinin 5 milyard 951 milyon kVt/saatı İstilik Elektrik Stansiyalarında (İES), 420 milyon kVt/saat Su Elektrik Stansiyalarında (SES) qeydə alınıb. Bu da 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə müvafiq olaraq 830,1 min kVt/saat (12,2 %) az və 157,7 milyon kVt/saat (60,1 %) çoxdur.
Bu ilin ilk rübündə Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə 92,1 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu, 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 4,8 milyon kVt/saat və ya 5,5 % çoxdur.
Energetika Xidməti üzrə 2024-cü ilin yanvar-mart aylarında İES-lərdə 64,5 milyon kVt/saat (+4,9 %), SES-lərdə 15,4 milyon kVt/saat (+13,2 %), Günəş Elektrik Stansiyalarında (GES) 12,2 milyon kVt/saat (dəyişməyib) elektrik enerjisi istehsal edilib.
Hesabat dövründə “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 9,5 milyon kVt/saat (-19,5 %), müstəqil elektrik stansiyaları üzrə isə 656,7 milyon kVt/saat (+7 %) elektrik enerjisi istehsal edilib.