Azərbaycanın payına dünya neft hasilatının 1 %-dən də az hissəsi düşür
- 20 iyun, 2024
- 14:44
2023-cü ildə Azərbaycanın neft hasilatındakı payı dünya neft hasilatının cəmi 0,7 %-ni təşkil edib.
"Report" xəbər verir ki, bu barədə “Energy Institute”un hazırladığı Dünya Enerjisinin Statistik İcmalında məlumat verilib.
Məlumata görə, 2023-cü ildə ölkədə ümumi neft hasilatı 2022-ci illə müqayisədə 7,5 % azalaraq 30,2 milyon ton təşkil edib.
Bununla yanaşı, 2023-cü ildə Azərbaycanda kondensatla gündəlik neft hasilatı 619 min barel təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 7,3 % azdır. Ötən il dünya gündəlik neft hasilatının 0,7 %-i də ölkənin payına düşüb.
2022-2023-cü illərdə Azərbaycanda gündəlik neft emalı gücü 150 min barel (dünya neft emalının 0,1 %-i) səviyyəsində qalıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə ölkədə neft və qaz kondensatı hasilatı 30 milyon 189,6 min ton (7,5 % az), qaz hasilatı 48 milyard 496,7 milyon kubmetr (bir 3,8 % çox) olub.